AZƏRBAYCAN XƏBƏRLƏRİ

Gamış və Sarıbaba dağları ərazisində 40 min mina yerləşdirilmiş təhlükəli sahələr var

Bu yaxınlarda Azərbaycanın Daşkəsən rayonunda Ermənistanda istehsal edilmiş PMN-E tipli piyadalar əleyhinə minalar aşkar edilib.
Sputnik
BAKI, 3 dekabr - Sputnik. "Cari qeyri-texniki və texniki müşahidələrə görə, Gamış dağı və Sarıbaba dağlarını əhatə edən 93 kilometrlik ərazidə piyadalar əleyhinə təqribən 40 min mina yerləşdirilmiş təhlükəli sahələr var".
Bu, Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyevin BMT-nin Baş katibinə məktubu və Ermənistan tərəfindən Azərbaycan ərazisində piyadalar əleyhinə yeni minalar yerləşdirilməsi barədə məruzəsində əksini tapıb.
Məruzədə qeyd edilib ki, bu yaxınlarda Azərbaycanın Daşkəsən rayonunda Ermənistanda istehsal edilmiş PMN-E tipli piyadalar əleyhinə minalar aşkar edilib.
2020-ci il avqustun 16-dan oktyabrın 6-dək olan müddətdə Daşkəsən, Kəlbəcər və Laçın rayonlarında 3166 ədəd PMN-E tipli piyadalar əleyhinə minalar aşkar edilib.
Onlardan 1671-i Laçında, 935-i Kəlbəcərdə, 560-ı Daşkəsəndə tapılıb. Bu fuqasların əksəriyyəti PMN-E tipinə aid olsa da, aşkar edilmiş və zərərsizləşdirilmiş fuqaslar arasında PMN-2, E-001M və TM-62 tipli minalar da olub (Report).