DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Filip Riker Ermənistana gedib və Ararat Mirzoyanla görüşüb

Ermənistanda səfərdə olan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker Ararat Mirzoyanla Ermənistanla Azərbaycanın münasibətlərinin normallaşmasını müzakirə ediblər.
Sputnik
BAKI, 3 dekabr - Sputnik. Ermənistanda səfərdə olan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker bu ölkənin xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.
Sputnik Ermənistan-ın məlumatına görə, görüşdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələsi müzakirə edilib.
Mirzoyan və Riker Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası prosesi, eləcə də regionda nəqliyyat infrastrukturunun blokdan çıxarılması barədə danışıblar.
Xatırladaq ki, 28 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker arasında görüş keçirilib.
Görüş zamanı, Azərbaycan-Ermənistan normallaşma prosesi, Vaşinqton görüşü də daxil sülh müqaviləsinin elementləri üzrə aparılan ikitərəfli danışıqlar və bundan irəli gələn məsələlər, kommunikasiyaların açılması və delimitasiya prosesi üzrə cari vəziyyət müzakirə olunub.
Ceyhun Bayramov üçtərəfli bəyanat çərçivəsində Ermənistanın hələ də öhdəliklərini yerinə yetirmədiyini, qüvvələrini Azərbaycan ərazilərindən tam çıxarmadığını, mina təhdidlərini davam etdirdiyini, öhdəliklərə zidd olaraq Laçın yolundan hərbi məqsədlər üçün istifadə olunduğunu diqqətə çatdırıb.
O, qeyd edilən destruktiv addımların qarşısının alınmasının vacib olduğunu vurğulayıb. Nazir eyni zamanda, Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiyası məsələsi üzrə ölkəmizin baxışları barədə qarşı tərəfə məlumat verib.
Filip Riker ABŞ tərəfinin normallaşma prosesinə bütün vasitələrlə dəstək verməyə hazır olduğunu bildirib. O, sülh müqaviləsinin elementləri üzrə aparılan danışıqların əhəmiyyət daşıdığını, bölgədə sülh və əmin-amanlığın təmin edilməsinin zəruri olduğunu diqqətə çatdırıb.
Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.