SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan rəsmiləri Rusiya sülhməramlılarının müşayiəti ilə Xankəndiyə daxil olublar

Azərbaycanın istənilən dövlət qurumu istənilən vaxt Qarabağda Azərbaycanın digər ərazilərində olduğu kimi monitorinqlər keçirə bilər.
Sputnik
BAKI, 3 dekabr - Sputnik. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və “AzerGold” QSC-nin mütəxəssisləri Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə Xankəndiyə daxil olublar.
“Caliber”in məlumatına görə, bu, danışıqlar nəticəsində mümkün olub.
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərdə ekoloji monitorinqin aparılması müzakirə olunacaq.
Vurğulamaq lazımdır ki, istənilən dövlət qurumu istənilən vaxt Qarabağda Azərbaycanın digər ərazilərində olduğu kimi monitorinqlər keçirə bilər. Bu, sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərə, o cümlədən Xankəndiyə də aiddir.
ETSN-in bu gün yaydığı xəbərə görə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sorğusu əsasında Müdafiə Nazirliyi Rusiya sülhməramlı qüvvələrinin komandanlığına onların müvəqqəti olaraq yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntıların qanunsuz istismarı və bundan əmələ gələn ekoloji fəsadların araşdırılması və monitorinqi məqsədilə ölkəmizin aidiyyəti qurumlarının mütəxəssislərinin həmin ərazilərə göndərilməsi barədə müraciət edib.
2022-ci il 3 dekabr tarixində saat 11.00 radələrində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları əraziyə keçid üçün Xankəndi ilə Şuşa şəhəri arasındakı Rusiya sülhməramlı qüvvələrinin nəzarət məntəqəsinə yaxınlaşıblar.
“Hazırda Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdə faydalı qazıntıların qanunsuz istismarı və bundan əmələ gələn ekoloji fəsadların araşdırılması və monitorinqi məqsədilə ekspertlərdən ibarət qrupun həmin ərazilərdə fəaliyyət göstərməsi sülhməramlı qüvvələrin komandanlığı ilə müzakirə olunur. Danışıqların yekunları barədə ictimaiyyətə məlumat veriləcək”, - məlumatda deyilir.
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycan rəsmiləri Xankəndi ilə Şuşa arasında Rusiya sülhməramlıları ilə danışıq aparır