BAKI, 3 dekabr - Sputnik. Ermənistan və Azərbaycanın xarici işlər nazirləri yaxın həftələrdə yenidən görüşmək barədə razılığa gəliblər.
Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays brifinq zamanı bildirib.
O qeyd edib ki, Birləşmiş Ştatlar Cənubi Qafqazda dinc gələcəyin təmin edilməsinə kömək məqsədilə tərəflərlə çox fəal məşğul olur.
Bundan əvvəl Vaşinqtonda dövlət katibi Entoni Blinkenin ev sahibliyi ilə Ermənistan və Azərbaycan nümayəndələri iki üçtərəfli görüş keçirib.
Praysın sözlərinə görə, ABŞ-ın dövlət katibi tərəflərlə telefonla əlaqə saxlamağa davam edir.
"Xarici işlər nazirləri danışıqları sürətləndirmək, yaxın həftələrdə daha bir görüş təşkil etmək barədə razılığa gəliblər. Hər iki nazir görüşə ev sahibliyi etdiyi üçün Amerika tərəfinə minnətdarlıqlarını bildiriblər", - Dövlət Departamentinin sözçüsü bildirib.
Prays əmindir ki, Birləşmiş Ştatlar, şübhəsiz ki, tərəflərin konstruktiv dialoqu davam etdirəcəyinə ümid edir. Vaşinqton davamlı sülhün təmin edilməsinə və iki dövlət arasında problemlərin həllinə yönəlmiş diplomatik səyləri dəstəkləyir.
Xatırladaq ki, noyabrın 7-də Vaşinqtonda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri - Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşü baş tutub.