BAKI, 2 dekabr — Sputnik. Ümumi təhsil müəssisələrinə direktor, direktor müavini və təşkilatçı vəzifələrinə işə qəbul üzrə yerli təhsili idarəetmə orqanları tərəfindən keçirilən test imtahanının nəticələri elan edilib.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Şagird sayı 500-dək olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə keçid balı 21 (hər bölmə üzrə minimum 5 bal olmaqla), direktor müavini və təşkilatçı vəzifələrinə işə qəbul üzrə keçid balı isə 20 (hər bölmə üzrə minimum 5 bal olmaqla) olaraq müəyyənləşdirilib.
Qeyd edək ki, müsahibə mərhələsinin dekabrın 5-dən 20-dək keçirilməsi nəzərdə tutulur. Bu mərhələdə namizədlərin peşə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları və şəxsi keyfiyyətləri qiymətləndiriləcək.