BAKI, 2 dekabr — Sputnik. Fiziki şəxslər mənzil-tikinti kooperativlərindən (MTK-lar) nağdsız aldıqları ev və obyektə görə ödədikləri əlavə dəyər vergisini (ƏDV) geri ala bilərlər. Artıq bununla bağlı portal da istifadəyə verilib. Ödənilmiş ƏDV-nin 30 faizi vətəndaşa geri qaytarılır.
May ayında "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtləri və qaydası" təsdiq edilib.
İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin rəhbəri Radil Fətullayev Sputnik Azərbaycan-a deyib ki, artıq vətəndaşlar nağdsız şəkildə MTK-lardan aldıqları mənzillərə görə də ƏDV-nin 30 faizini geri ala biləcəklər: "Məsələn, vətəndaş 150 min manata mənzil alıbsa, bunun 22 min 881 manatı ƏDV təşkil edir. Həmin ƏDV-nin 30 faizi 6 min 864 manatdır. Yəni vətəndaş həmin aldığı mənzilə görə, 6 min 864 manatı geri alacaq".
Hansı müddətdə ƏDV geri qaytarılacaq?
O bildirib ki, MTK-lar fiziki şəxslərə mənzil və ya obyekt satan zaman elektron qaimə-faktura tərtib edib vergi orqanına göndərəcək: "Sonra isə vergi orqanına göndərdiyi həmin sənədi çap edib vətəndaşa verəcək. Fiziki şəxs bankda ödəniş edəcək, qəbzi alacaq. Daha sonra elektron qaiməni, alqı-satqı müqaviləsini və ödəniş qəbzini bu portala daxil edəcək. 1 ay içərisində ödənilən ƏDV-nin 30 faizi vətəndaşın bank hesabına köçürüləcək".
Vətəndaş MTK-dan mənzil və ya obyekt alanda elektron qaimə istəməlidir
İqtisadçı bildirib ki, bunun üçün vətəndaş portalda qeydiyyatdan keçib özünə şəxsi kabinet açmalıdır: "Vətəndaş 90 gün içərisində müraciət etməsə, sənədlər portala daxil edilməsə, ƏDV geri qaytarılmayacaq. Vətəndaş MTK-dan mənzil və ya obyekt alanda elektron qaimə-fakturanı istəməlidir. Vətəndaşların bir-birilərinə mənzil satmasının buna aidiyyəti yoxdur".
Bu addım MTK-lara nəzarət üçün çox yaxşı üsuldur
Ekspert əlavə edib ki, burada əsas məqsəd MTK-ların öz satışlarını rəsmiləşdirməsidir: "Əvvəllər bir sıra MTK-lar mənzil və ya obyekt satarkən onu rəsmiləşdirmirdi. Artıq vətəndaş mənzil alanda onlardan elektron qaimə tələb edəcək. Bu addım MTK-lara nəzarət üçün çox yaxşı üsuldur. Nəticədə dövlət büdcəsinə daxil olan vəsaitlər artacaq".
Mənzilin dəyəri tam ödənildikdən sonra ƏDV qaytarılacaq
Vergi hüququ üzrə ekspert Sirac Piriyev Sputnik Azərbaycan-a deyib ki, ƏDV, alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılacaq: "Bu, ipoteka ilə mənzil alanlara da aiddir, ödəniş tam bitəndən sonra ƏDV geri qaytarılacaq. Yəni hissə-hissə ödəniş olarsa, mənzilin tam dəyəri ödənildikdən sonra ƏDV bank tərəfindən alıcının hesabına köçürüləcək. Məsələn, vətəndaş 100 min manata ev alıbsa, bunun 15 min 254 manatı ƏDV edir. Həmin məbləğin də 30 faizi 4 min 576 manatdır. Yəni 4 min 576 manat vətəndaşa geri qaytarılacaq".
Millət vəkili Vüqar Bayramov da bildirib ki, ƏDV-nin geri qaytarılması istər yaşayış, istərsə də qeyr-yaşayış, əmlak nağdsız şəkildə alındıqda tətbiq olunur: "Hazırda əmlak satışı nağdsız, yəni banklar vasitəsi ilə həyata keçirilir. Bu zaman vəsaitin geri qaytarılması təqdim edilmiş elektron qaimə-faktura üzrə əmlakın qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq ediləcək. Geri qaytarılan vəsait alıcının bank hesabına köçürüləcək. Məsələn, alıcı mənzil alan zaman 50 min manat ƏDV ödəyibsə, həmin vəsaitin 15 min manatı alıcının hesabına qaytarılacaq. Bununla da alıcının ödədiyi vəsaitin bir hissəsinə bonus olaraq ona geri qaytarılacaq".
"Vətəndaş eyni binadan fərqli qiymətə 3 mənzil alıbsa, ən baha olan əmlak sahəsi əsas götürüləcək. Məsələn, bir mənzil üzrə ƏDV məbləği 50 min, digəri üzrə 55, sonuncu üzrə 60 min manat olubsa, bu zaman ƏDV ödənilməsi 60 min manata əsasən həyata keçiriləcək", - deyə o əlavə edib.
Dövlət Vergi Xidmətindən bildiriblər ki, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı MTK tərəfindən e-qaimələrin tərtib edilməsi və alıcılar tərəfindən müraciətlərin edilməsi üçün İnternet Vergi İdarəsində müvafiq portal yaradılıb (https://new.e-taxes.gov.az/eportal/az/login/) və istifadəyə verilib.
Belə ki, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər bu portala daxil olaraq alıcı fiziki şəxsə qaydaların tələblərinə uyğun e-qaimə faktura tərtib edir, alıcı isə öz növbəsində aldığı e-qaimə fakturanın məlumatlarının doğruluğunu yoxlayaraq təsdiq edir. Bundan sonra, alıcı şəxsi kabinetində yerləşən keçid vasitəsilə qaydaların tələblərinə uyğun şəkildə ödənişləri həyata keçirmək üçün Hökumət Ödəniş Portalının "Kommunal" ödənişlər bölməsinin "Yaşayış və qeyri-yaşayış sahələrinin alışı üzrə ödənişlər" altbölməsinə daxil olur (Alıcının fərdi qaydada banka yaxınlaşaraq ödənişi həyata keçirmək imkanı mövcuddur). Burada FİN və qaimənin nömrəsi barədə məlumatlar daxil edilməklə ödənişlər həyata keçirilir. Ödənişlər tam etdikdən sonra alıcının elektron kabinetində müvafiq ərizə forması doldurulur və təsdiqedici sənədlər əlavə olunaraq portal vasitəsilə ƏDV-nin geri qaytarılması ilə bağlı müraciət edilir.
Müraciət avtomatik olaraq vergi orqanına daxil olur və müvafiq risk qiymətləndirilməsi aparılır. Risk qiymətləndirilməsinin nəticələri üzrə ƏDV-nin bir hissəsinin geri qaytarılmasından imtina edildikdə, bu barədə əsaslandırılmış inzibati akt qəbul olunur və 2 iş günü müddətində alıcının elektron kabinetinə göndərilir. Alıcı ƏDV-nin geri qaytarılmasından imtinadan inzibati qaydada və məhkəməyə şikayət verə bilər.
Yaşayış və qeyri-yaşayış sahələrinin çıxarışı olduğu halda fiziki şəxslərlə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər arasında alqı-satqı müqaviləsi notarial qaydada təsdiq edilir. Bu zaman vəsaitin daşınmaz əmlaka sərəncam müqavilələrinin mötəbərliyini və hüquqi baxımdan icrasının tamlığını təmin etmək məqsədilə tərəflərin biri-birinə ödəməli olduqları pul məbləğləri notariusun bankda açdığı depozit hesabı vasitəsilə köçürülür. Alqı-satqı müqaviləsi notarial qaydada təsdiqləndikdə, alıcı müvafiq e-qaimə fakturanı notariusa təqdim etməli və notariusdan ödənişin, müvafiq qaydada, əsas məbləğini satıcının bank hesabına, ƏDV məbləğini isə ƏDV depozit hesabına köçürülməsini tələb etməlidir.
Vətəndaşlar müraciət zamanı ödəniş formasına qoyulan tələblərlə yanaşı, aşağıdakı məqamlara da diqqət yetirməlidirlər:
-Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra, 90 gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinet yaratmalı və müvafiq sənədlər əlavə etməklə elektron kabinet vasitəsilə müraciətini portala göndərməlidir;
-Alıcı eyni binadan 1, yaxud bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahəsi aldıqda, ƏDV-nin bir hissəsinin qaytarılması mexanizmi alınmış sahələrin hər biri üzrə 500 kvadratmetrdən çox olmayan hissəyə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir;
-ƏDV bir hissəsi alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır;
-Qaytarılacaq ƏDV məbləği müvəkkil bank tərəfindən bank əməliyyatlarının aparılmasına görə xidmət haqları çıxılmaqla alıcıya 30 iş günü müddətində müvəkkil bank vasitəsilə qaytarılır.
Xatırladaq ki, burada fiziki şəxs deyəndə Azərbaycan vətəndaşı, əcnəbi və vətəndaşlığı olmayan şəxs nəzərdə tutulur. Satıcı isə ƏDV ödəyicisi olan və Azərbaycan ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsdir.
Əsas anlayışlar
Operator – ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaimə-faktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə edən Dövlət Vergi Xidməti;
Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi – bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanılmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi;
Vahid məlumat bazası – operator tərəfindən idarə olunan, nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması üçün məlumatların inteqrasiya olunduğu vahid sistem.
Bank ƏDV məbləğini 5 iş günündən gec olmayaraq alıcının bank hesabına qaytarır
Onu da bildirək ki, Dövlət Vergi Xidməti alıcıya qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatı müvəkkil banka ötürür. Bu barədə alıcının portalda yaratdığı elektron kabinetə məlumat göndərilir. Bank ƏDV məbləğini məlumatı aldığı tarixdən 5 iş günündən gec olmayaraq alıcının bank hesabına qaytarır. Bank tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ƏDV məbləği onların seçimindən asılı olaraq milli və ya xarici valyutada qaytarılır.