HADİSƏ

Dekabrın əvvəli daha çox tutqun keçəcək

Ötən gün dekabr ayı üçün nisbətən soyuq hava qeydə alınıb
Sputnik
BAKI, 2 dekabr — Sputnik. Dekabr ayının əvvəli daha çox tutqun keçəcək, fasilələrlə yağıntı olacaq.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva "Ekspert saatı"nda deyib.
Onun sözlərinə görə, əsasən şimal və şərq rayonlarında yağıntıların daha intensiv olacağı gözlənilir: "Dekabr ayının 7-nə kimi hava soyuq olacaq. Paytaxtda bu müddət ərzində ən soyuq havanın ayın 4-dən 6-na kimi olacağı gözlənilir. Gecə və gündüz temperaturu biri-birinə yaxın 3-6 dərəcə isti olacaq".
O bildirib ki, ötən gün dekabr ayı üçün nisbətən soyuq hava qeydə alınıb və havanın temperaturu iqlim normasından 2,3 dərəcə aşağı olub.
Onun sözlərinə görə, müşahidələrə əsasən, son 21 ilin ən soyuq dekabr ayı 2002-ci ildə qeydə alınıb: "Orta aylıq temperatur iqlim normasından 5 dərəcə aşağı olub. Bakıda 5 dərəcə şaxta qeydə alınıb, qar örtüyünün hündürlüyü 50 sm-ə çatıb. Naxçıvanda isə 30 dərəcə şaxta olub. Ümumilikdə, düşən yağıntının miqdarı iqlim normasını 6 dəfədən çox aşıb".
U.Tağıyeva bildirib ki, şiddətli küləklər dekabr ayı üçün səciyyəvidir: "Belə ki, 2015-ci il dekabrın 4-də şimal-qərb küləyinin maksimal sürəti Neft Daşlarında 39 m/s, Bakıda 35 m/s olub. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 8,5 metrə çatıb. 2019-cu il dekabrın 2-də şimal-qərb küləyinin maksimal sürəti Sumqayıtda 40 m/s, Bakıda 38 m/s-ə çatıb".
Xidmət rəisi vurğulayıb ki, ayrı-ayrı illərdə dekabr ayında fərqli hava şəraiti müşahidə olunub: "Məsələn, 100 illik sıralarda ən isti hava ilə bağlı rekord göstərici 1940-cı il dekabrın 11-də müsbət 27,1 dərəcə ilə müşahidə olunub. 2021-ci il dekabrın 1-də isə havanın temperaturu 26 dərəcəyə yaxınlaşıb. Qeyd edilən göstəricilər bir günlük maksimumlardır. Lakin bütövlükdə, ən isti dekabr ayı son 21 il ərzində 2010-cu ildə qeydə alınıb. Həmin il orta aylıq temperatur iqlim normasından 5,1 dərəcə yüksək olub".