RUSİYA

Münhen Təhlükəsizlik Konfransının təşkilatçıları Rusiyaya zəng etməkdən qorxurlar

Münhen Təhlükəsizlik Konfransının sədri Kristof Hoysgen bazar ertəsi bildirib ki, Rusiya rəsmiləri konfransa dəvət edilməyiblər.
Sputnik
BAKI, 1 dekabr — Sputnik. Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "Twitter"də yazıb ki, Münhen Təhlükəsizlik Konfransı tamamilə deqradasiyaya uğrayıb, təşkilatçılar həqiqəti eşitməmək üçün Rusiyaya zəng etməkdən qorxurlar.
Münhen Təhlükəsizlik Konfransının sədri Kristof Hoysgen bazar ertəsi bildirib ki, Rusiya rəsmiləri konfransa dəvət edilməyiblər. Onun sözlərinə görə, bunun əvəzinə təşkilatçılar Rusiyanın gələcəyini Rusiya müxalifət liderləri və mühacirətdə olan insanlarla müzakirə etmək istəyirlər.
Rusiya Xarici İşlər Nazirliyi isə bəyan edib ki, Münhen Təhlükəsizlik Konfransında iştirak artıq Rusiya Federasiyası üçün maraqlı deyil, çünki bu forum obyektivliyini itirib.
"Son illərdə Münhen konfransı sırf transatlantik foruma çevrilib, inklüzivliyini, obyektivliyini və tribunasından çıxış edən natiqlərə bərabər məsafəni itirib. Moskvanın bu tədbirə marağı qalmayıb", - deyə nazirlik izah edib.
Xarici İşlər Nazirliyinin məlumatına görə, Münhen Təhlükəsizlik Konfransının (MTK) sədri Kristof Hoysgen sosial şəbəkələrdə bildirib ki, gələn il keçiriləcək konfransa Rusiya hakimiyyət orqanlarının nümayəndələrini dəvət etmək planı yoxdur. Hoysgenin sözlərinə görə, Rusiya müxalifəti ilə Rusiya Federasiyasının gələcəyi haqqında danışmaq planlaşdırılır.
Rusiya Xarici İşlər Nazirliyi, MTK sədrinin səsləndirdiyi planları BMT Nizamnaməsi prinsiplərinin ört-basdır edilmədən pozulması və Rusiya Federasiyasının daxili işlərinə müdaxilə cəhdi kimi qiymətləndirib.
"Beynəlxalq müzakirə platformasının başına nə oyun açıldığını nəzərə alsaq, Hoysgen, hətta dəvət olunsalar belə, rəsmi Rusiya nümayəndələrinin iştirakını gözləməməli idi", - deyə nazirlik qeyd edib.
Bundan əvvəl Dövlət Dumasının deputatı Mariya Butina Rusiya Federasiyasının Münhen Konfransına niyə dəvət edilmədiyini izah edib.
59-cu Münhen Təhlükəsizlik Konfransı 2023-cü il 17-19 fevral tarixlərində keçiriləcək. Əsas müzakirə mövzularından biri Ukraynadakı vəziyyət olacaq.