BAKI, 1 dekabr — Sputnik. Bakının Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, 8/10 ünvanında yerləşən, keçmiş məcburi köçkünlər üçün inşa edilən şəhərcikdə istilik yoxdur. Bu barədə Sputnik Azərbaycan-a məcburi köçkünlər məlumat verib. Bu binada dörd ildir ki, yaşayan sakinlər bildirib ki, müəyyən müddət istilikdən ödənişsiz istifadə ediblər. Sonra məlum olub ki, borcları yaranıb. Bundan sonra sakinlərdən hər ailəbaşına 20 manat pul yığılıb. Müəyyən məbləğ ödəməklə vətəndaşlar problemi həll ediblər. Lakin bu mövsümdə onlar tamamilə istilik üzünə həsrət qalıblar. Sakinlərin dediyinə görə, səbəb kimi ərazidə yerləşən 4 məktəb və 1 bağçanın külli miqdarda borcu göstərilir.
Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Mirzəyev Sputnik Azərbaycan-a bildirildi ki, yaşayış kompleksində qurulan qazanxanaların istismara hazırlıq aktı "Azəristiliktəchizat" və digər qurumların nümayəndələri tərəfindən imzalanıb. Dövlət komitəsinin müraciətlərinə baxmayaraq, qazanxanalar müvafiq qaydada balansa götürülməyib:
"Aidiyyəti quruma qəsəbədə sayğacların quraşdırılması üçün edilən müraciətlər də nəticəsiz qalıb. Buna baxmayaraq, məsələ komitənin diqqətindədir. Həlli istiqamətində lazimi addımlar atılır. Onu da qeyd edim ki, məcburi köçkünlər istifadə etdikləri kommunal xidmətlərin haqqını, müvafiq fərmana əsasən, onlara dövlət tərəfindən verilən vahid aylıq müavinətdən ödəyirlər. Bununla bağlı, Dövlət Komitəsinin aidiyyəti şöbəsi, yerli nümayəndəlik və Mənzil Kommunal İstismar Sahələri tərəfindən mütəmadi olaraq məcburi köçkünlər arasında təbliğat və maarifləndirmə aparılır".
"Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı isə Sputnik Azərbaycan-a açıqlamasında bildirdi ki, həmin bina və qazanxana Qaçqın və məcburi köçkünlər üzrə dövlət komitəsinin sifarişi əsasında tikildiyindən onların balansında deyil. E.Basqallının sözlərinə görə, Kürdəxanı qəsəbəsində və Şirvan şəhərində qaçqın və məcburi köçkünlər üçün inşa edilmiş şəhərciklərdə yerləşən binaların istilik təminatı "Azəristiliktəchizat" ASC-nin xidmət zonasına daxil deyil. Onların istilik təchizatı ilə bağlı müraciətlər bu binaların sahibləri və ya mülkiyyətçilərinə, o cümlədən Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinə edilməlidir:
"Bu şəhərciklər Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən inşa edilibdir. "Azəristiliktəchizat" ASC nə binaların və nə də ki, qazanxana və istilik mühəndis infrastrukturunun tikintisində heç bir formada iştirak etməyib. Ona görə də, həmin qazanxanaların istismarı ilə bağlı heç bir öhdəlik daşımır".
Qurum sözçüsü əlavə etdi ki, müxtəlif təşkilatlar tərəfindən tikilən qazanxanaların "Azəristiliktəchizat" ASC-nin balansına götürülməsi öhdəliyi yoxdur.
Yaşayış kompleksindəki məktəb və bağçanın istiliksiz qalmasına gəlincə, E. Basqallı bildirib ki, "Azəristiliktəchizat" ASC ölkə üzrə məktəblərin 8, bağçaların isə 6 faizini istiliklə təmin edir. Digər məktəb və bağçalar isə müvafiq olaraq onların öz balanslarında olan qazanxanalar vasitəsi ilə istiliklə təmin edilirlər.
Qeyd edək ki, bu il noyabrın 1-nə olan məlumata görə, Azərbaycanda qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları şəhərciklərdə istifadə edilən istilik və isti su xidmətlərinə görə 6 489,4 min manat ödənilməmiş borc olub. "Azəristiliktəchizat" ASC-nin sədri vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev bildirib ki, bəzi yaşayış binalarında və keçmiş məcburi köçkünlər üçün tikilib istifadəyə verilmiş çoxmənzilli yaşayış komplekslərində ödəniş səviyyəsi ürəkaçan deyil.
Məsələn, sözügedən rəqəmlər Nəsimi rayonu, Topçubaşov küçəsi, 23a ünvanında 20,7 %, Xətai rayonu, Telnov (Lütfizadə) küçəsi, 7 ünvanında 19 %, Sabunçu rayonu, 4094-cü məhəllə, bina 6 ünvanında 5,4 % Suraxanı rayonu, Hafis Quliyev küçəsi, 22 ünvanında 10,1 %, Yasamal rayonu, Parlament prospekti, 1 ünvanında 11,6 % Yasamal rayonu, Zahid Xəlil küçəsi, 17 ünvanında 17,8 %-dir", - İ.Mirzəliyev qeyd edib.