BAKI, 1 dekabr — Sputnik. Ermənistan rəhbərliyinin son vaxtlar statusdan çox Qarabağdakı ermənilərin hüquqları barədə danışması boş yerə deyil.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Rusiya XİN başçısı Azərbaycan tərəfinin Qarabağ ermənilərinin hüquqlarını təmin etməyə hazır olduğunu qeyd edib:
"Azərbaycan tərəfi buna hazırdır. Azərbaycan bunu müzakirə etməyə, Qarabağdakı ermənilərə Azərbaycanın digər vətəndaşlarının sahib olduğu hüquqlarla bağlı zəmanət təqdim etməyə hazırdır".
Lavrovun sözlərinə görə, Praqada imzalanan sənəddə qeyd olunub ki, Azərbaycanla Ermənistan arasındakı delimitasiya və sülh sazişi BMT Nizamnaməsinə və 1991-ci ilin Alma-Ata Bəyannaməsindəki müvafiq sərhədlərə əsaslanmalıdır.
Alma-Ata Bəyannaməsində isə qeyd olunub ki, bütün ittifaq respublikaları Müstəqil Dövlətlər Birliyini formalaşdırır və SSRİ-nin İttifaq dövlətləri arasındakı mövcud olan sərhədlərin pozulmamasını təsdiqləyir. Başqa sözlə, həmin vaxt Dağlıq Qarabağ Muxtar Vilayəti birmənalı olaraq Azərbaycan Sovet Sosialist Respublikasının tərkib hissəsi olub. Bu, həm Azərbaycan, həm Ermənistan, həm Fransa, həm də cənab Mişel (Şarl Mişel-red.) tərəfindən sənəd çərçivəsində təsdiq olunub. Yəni, Alma-Ata Bəyannaməsinin heç bir qeyd-şərtsiz tanınması, əlbəttə ki, gələcək işi yüngülləşdirir. Ona görə ki, bu, Qarabağın statusuna necə yanaşmaq problemini həll edir.
Qeyd edək ki, dekabrın 5-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyaya işgüzar səfərə gələcək Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasını müzakirə etmək üçün danışıqlar aparacaq. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Xatırladaq ki, sonuncu dəfə oktyabrın 31-də Rusiyanın Soçi şəhərində Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri səviyyəsində görüş keçirilib.