İQTİSADİYYAT

Karbamid birinci, pambıq ikinci, qızıl üçüncü olub - İXRAC CƏDVƏLİ

Oktyabr ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya birinciliyə yüksəlib.
Sputnik
BAKI, 1 dekabr — Sputnik. Cari ilin yanvar-oktyabr aylarında Azərbaycanın ümumi ixracı 34,7 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 2,4 milyard ABŞ dolları təşkil edib. 2021-ci ilin on ayı ilə müqayisədə qeyri-neft sektoru üzrə ixrac 16,2% artıb.
Bu barədə Sputnik Azərbaycan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"na istinadən xəbər verir.
Bu ilin yanvar-oktyabr ayları ərzində kimya sənayesi məhsullarının ixracı 2 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 25,7%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 24,5%, çay ixracı isə 48,9% artıb.
Aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 672,1 milyon ABŞ dolları təşkil edib. 2022-ci ilin yanvar-oktyabr ayları ərzində ixrac edilən meyvə-tərəvəz məhsulları aqrar məhsullar qrupunun 92,5%-ini təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı əlavə dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 29% artıb.
Karbamid birinci olub
Cari ilin yanvar-oktyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında karbamid (181,8 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pambıq mahlıcı (151,9 milyon ABŞ dolları) ikinci, qızıl (143 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
Mallar hansı ölkələrə gedib...
Bu ilin yanvar-oktyabr ayları ərzində Rusiya Federasiyasına 687 milyon ABŞ dolları, Türkiyəyə 582,5 milyon ABŞ dolları, Gürcüstana 164,4 milyon ABŞ dolları, İsveçrə Konfederasiyasına 152,6 milyon ABŞ dolları və Qazaxıstana isə 75 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2022-ci ilin oktyabr ayı üzrə ixrac 5,2 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 269,1 milyon ABŞ dolları təşkil edib. 2022-ci ilin oktyabr ayı ərzində yeyinti məhsulları üzrə ixrac 73 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 17,5% artaraq 196,2 milyon ABŞ dollarına bərabər olub.
Ən çox mal Rusiyaya göndərilib
2022-ci ilin oktyabr ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (84,8 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə (70,9 milyon ABŞ dolları) ikinci və Gürcüstan (19,8 milyon ABŞ dolları) üçüncü olub.
2022-ci ilin oktyabr ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (28,5 milyon ABŞ dolları) birinci, karbamid (18,3 milyon ABŞ dolları) ikinci və qızıl (14,6 milyon ABŞ dolları) üçüncü olub.
"İxrac İcmalı" tərəfindən qeyri-neft sektoru üzrə 2022-ci ilin yanvar-oktyabr aylarında həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.
2022-ci ilin yanvar-oktyabr ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: "MKT İstehsalat Kommersiya" MMC, "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, "Baku Steel Company" MMC, "Almeyvə" MMC, Şirinov Elvin Valeh oğlu, "Rose Servis" MMC, "Mors Trading" MMC, "P-Aqro" MMC, "STP Alüminium" MMC, "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi" başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: "Socar Polymer" MMC, "Azəralüminium" MMC, "AzerGold" QSC, "Azərenerji" ATSC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan Hava Yolları" QSC, "Azəripək" MMC, "Geofizika və Geologiya İdarəsi", Naxçıvan MR Dövlət Energetika Xidməti.
2022-ci ilin yanvar-oktyabr aylarında "Azərkosmos" tərəfindən dünyanın 40 ölkəsinə 21,7 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. "Azərkosmos"-un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 81 faizini təşkil edib. 2022-ci ilin oktyabr ayında isə "Azərkosmos" dünyanın 36 ölkəsinə 2,4 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.
2022-ci ilin yanvar-oktyabr ayları ərzində peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində isə 5,5 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 4,6 milyon ABŞ dolları ilə Fransa, 3,6 milyon ABŞ dolları ilə Lüksemburq, 1,9 milyon ABŞ dolları ilə BƏƏ və 1,2 milyon ABŞ dolları ilə Pakistan qərarlaşıb.
2022-ci ilin oktyabr ayında xarici vətəndaşların bank kartları vasitəsilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 149 milyon manat təşkil edib. 2022-ci ilin yanvar-sentyabr aylarında isə əcnəbilər bank kartları vasitəsi ilə 1,8 milyard manatlıq əməliyyat aparıblar.
2022-ci ilin yanvar-oktyabr aylarında Azexport.az portalına 393,6 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. 2022-ci ilin oktyabr ayında Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 37,3 milyon ABŞ dolları təşkil edib. 2022-ci ilin oktyabr ayında Azexport.az portalına edilən ixrac sifarişlərində pambıq yağı, kərə yağı, qurğuşun, tikinti kərpici, toyuq əti, xurma, fındıq, tütün, mühərrik yağı buğda unu və s. məhsullar üstünlük təşkil edib. Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2022-ci ilin 30 sentyabr tarixinə kimi (70 ay ərzində) Azexport.az portalına dünyanın 145 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 3,1 milyard ABŞ dolları təşkil edib.
"İxrac İcmalı"nda göstərilib ki, 2022-ci ilin noyabr ayında "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi vasitəsilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 20,1 milyon ABŞ dolları olub.