MƏDƏNİYYƏT

Çay mədəniyyəti, zorxana və "Molla Nəsrəddin" lətifələri UNESCO-nun mədəni irs siyahısında

UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 17-ci sessiyasında Azərbaycanla bağlı önəmli qərarlar verilib.
Sputnik
BAKI, 1 dekabr - Sputnik. Çay mədəniyyəti UNESCO-nun Qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına daxil edilib.
Bu barədə qərar Mərakeş Krallığının Rabat şəhərində keçirilən UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 17-ci sessiyasında qəbul edilib.
“Çay mədəniyyəti: kimliyin, qonaqpərvərliyin və sosial əlaqələrin rəmzi” nominasiyası Azərbaycan və Türkiyə nümayəndə heyətləri tərəfindən birgə hazırlanıb.
Pəhləvanlıq, ənənəvi zorxana oyunları və idman növləri də UNESCO-nun Qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına daxil edilib.
Azərbaycanın təşəbbüsü ilə irəli sürülən nominasiya UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 17-ci sessiyasında qəbul edilib.
“Bu mədəni irs idmançılar tərəfindən nəsildən-nəslə ötürülən ənənəvi fiziki məşqlərin müxtəlifliyinə aiddir”, - Azərbaycanın UNESCO yanında Nümayəndəliyinin Twitter səhifəsində məlumat verilib.
Sessiyada "Molla Nəsrəddin" lətifələrinin şifahi ənənəsi də UNESCO-nun Qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına daxil edilib.
Bu nominasiya Azərbaycan, Tacikistan, Türkiyə, Türkmənistan, Özbəkistan və Qazaxıstan tərəfindən irəli sürülüb.