VİDEO

USAID MDB ölkələrində görünməmiş səxavət nümayiş etdirib

2022-ci ilin ikinci yarısında ABŞ-ın USAID agentliyi postsovet məkanında layihələrin maliyyələşdirilməsini kəskin şəkildə artırıb. Amerikalı “humanitar şahinlər” hansı ölkələri və sferaları hədəfə alıblar – Sputnik materialında.
Sputnik
BAKI, 29 noyabr - Sputnik, Yana Osipova. ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) vasitəsilə MDB ölkələrində “demokratiyaya dəstək” adlandırılan layihənin maliyyələşdirilməsinə 2022-ci ilin ikinci yarısı üçün 248 milyon dollar vəsait sərf olunub. Müqayisə üçün: 2021-ci il ərzində USAID bu ölkələrə 243 milyon dollar sərmayə qoyub (usaid.gov rəsmi internet saytından məlumat).
Ən çox qrant alanlar Ermənistan, Gürcüstan və Moldova olub. Lakin Mərkəzi Asiya ölkələri də kənarda qalmayıb. Və “humanitar qırğıların” (USAİD agentliyinin rəhbəri Samanta Pauer özünü belə adlandırır) əsas hədəfi gənclər və jurnalistlərdir.
Təşkilat bu ilin ikinci yarısında təkcə Gürcüstanda təhsil məqsədləri üçün 15 milyon dollar ayırıb. Agentliyin layihələrində “gender stereotiplərinin” məhv edilməsinin zəruriliyi xüsusi vurğulanır.
ABŞ dolları, arxiv şəkli
Amerikalılar müəllimlərin yenidən hazırlanması ilə Gürcüstan təhsilinin keyfiyyətini yüksəltmək niyyətindədirlər. Yerli universitetlərdə jurnalistika müəllimlərinə 250,000 dollar qrant verilir – onlar “düzgün” jurnalistlər yetişdirməlidirlər.
“Əvvəlcə Ukrayna ilə də belə idi”, - deyə Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin dosenti Yevgeniya Voyko agentliyin gənclərə və mediaya yatırdığı investisiyaları şərh edir.
USAID “iqtisadi demokratikləşmə” sahəsində daha səxavətli olub: 2021-ci ildə fond Gürcüstanda 330 milyon dollarlıq beşillik proqrama başlayıb. Bu investisiyaların rəsmi elan edilmiş məqsədi Rusiyanın iqtisadi təsirini azaltmaqdır.
USAID Ermənistanda “demokratiyanın inkişafı” və “medianın müstəqilliyi” üçün ayrılan vəsaitdə xəsislik etmir: bu ilin ikinci yarısında ölkə iki böyük qrant alıb - 120 milyon dollar və 4 milyon dollar.
Yerli mediada anti-Rusiya ritorikasının lazımi səviyyədə saxlanılması USAİD-in postsovet məkanı ölkələrində işinin ümumi məqsədidir. Moldova və Mərkəzi Asiya ölkələrində isə agentlik maliyyələşdirmədə iqtisadiyyata xüsusi önəm verir. Agentlik məhz, bu ölkələrin Rusiya ilə iqtisadi əlaqələrini zəiflətməyə, əmtəə-pul axınının istiqamətini dəyişməyə çalışır.
Belə ki, son altı ayda USAİD Moldovaya 50 milyon dollar ayırıb. Həmin vəsaitin böyük hissəsinin Avropa İttifaqı ilə ticarətin genişləndirilməsinə və müvafiq nəqliyyat-logistika infrastrukturunun yaradılmasına sərf ediləcəyi gözlənilir.

"Mərkəzi Asiyanın Rusiya bazarlarından və ixrac marşrutlarından asılılığının azaldılması uzunmüddətli prioritet idi, lakin indi bu, zəruri ehtiyacdır", - bu barədə agentliyin saytında məlumat verilib.

Türkmənistan, Tacikistan, Qazaxıstan, Qırğızıstan və Özbəkistana ixracın istiqamətinin dəyişdirilməsi üçün qrantın 15,2 milyon dollar artırılaraq 34 milyon dollara çatdırılması qərara alınıb.
Bu pulla maddi-texniki təchizatda və Qərbdəki kontragentlərlə əlaqələrin tapılmasında yardım göstəriləcək. Hazırda Mərkəzi Asiya ölkələrinin əsas ticarət və iqtisadi tərəfdaşı Rusiyadır.