İQTİSADİYYAT

On dövlət obyekti və nəqliyyat vasitələri hərraca çıxarılır

Hərraca çıxarılan nəqliyyat vasitələrinin əksəriyyəti Rusiya, Yaponiya və Almaniya istehsalıdır.
Sputnik
BAKI, 30 noyabr — Sputnik. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 13 və 20 dekabr tarixlərində özəlləşdirmə hərracları keçiriləcək.
Nazirlikdən bildiriblər ki, dekabrın 13-də keçiriləcək hərraca 30 nəqliyyat vasitəsi, 20 dekabrda təşkil olunacaq hərraca isə 10 dövlət obyekti və 8 nəqliyyat vasitəsi çıxarılacaq.
Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri iqtisadiyyatın müxtəlif sahələrinə aiddir. Digər üstün cəhət isə əksəriyyətinin torpaq sahələri ilə birgə özəlləşdirilməyə çıxarılmasıdır.
Hərraca çıxarılan nəqliyyat vasitələrinin əksəriyyəti Rusiya, Yaponiya və Almaniya istehsalıdır. Avtomobillərin buraxılış tarixləri isə 1985-2013-cü illəri əhatə edir.
Hərraca çıxarılan dövlət əmlakının tam siyahısı: (https://bit.ly/3mmNVpB).
Xatırladaq ki, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən noyabrın 22-də keçirilən hərracda 33 nəqliyyat vasitəsi satılıb.
Hərracda Cənubi Koreya istehsalı olan avtomobillərə maraq böyük olub. Belə ki, lot üzrə hərraca çıxarılan 24 ədəd "Hyundai İX-35" markalı avtomobilin ilkin start qiyməti 160.750 manat olsa da, edilən ən son təklif 182.000 manata yüksəlib.