Azərbaycan-Ermənistan sərhədində vəziyyət

Ermənilər həm sərhəddə, həm də Qarabağda atəşkəsi pozub

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri ordumuzun Ağdam istiqamətindəki mövqelərini atəşə tutub.
Sputnik
BAKI, 30 noyabr - Sputnik. Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, noyabrın 29-u saat 18:25-dən noyabrın 30-u saat 00:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Aşağı Şorca, Gorus rayonunun Xəzinəvar və Burun yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə, Laçın rayonunun Hacılar yaşayış məntəqələri və Qaragöl istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bundan başqa, noyabrın 29-u saat 18:10-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri də müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.
Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.