DÇ-2022

DÇ-2022: İlk 1/8 final cütlükləri məlum olub

İngiltərə və ABŞ son turda qələbə qazanaraq növbəti mərhələyə keçiblər.
Sputnik
BAKI, 30 noyabr - Sputnik. B qrupunda III tur oyunlarının başa çatması ilə Qətərdə keçirilən futbol üzrə dünya çempionatında ilk 1/8 final cütlükləri bəlli olub.
Belə ki, B qrupunun son oyunlarında İngiltərə Uelslə, ABŞ isə İranla qarşılaşıb.
İngiltərə-Uels qarşılaşmasının ilk hissəsi qolsuz bərabərliklə başa çatıb. İkinci hissədə Markus Reşford (50 və 68-ci dəqiqələr) və Fil Foden (52) İngiltərəyə 3:0 qələbəni təmin ediblər.
Qrupdakı digər oyunun 38-ci dəqiqəsində Kristian Pulişiç ABŞ yığmasını hesabda önə çıxarıb.
İkinci hissədə hesab dəyişməyib və ABŞ bu matçdan 1:0 hesabı ilə qalib ayrılıb.
3 oyundan sonra İngiltərə və ABŞ yığmaları müvafiq olaraq 7 və 5 xal yığaraq növbəti mərhələyə adlayıblar. Bu mərhələdə İngiltərə A qrupunun ikincisi olan Seneqalla, ABŞ isə A qrupunun qalibi Niderlandla üz-üzə gələcək.
Niderland - ABŞ oyunu dekabrın 3-də "Xəlifə İnterneyşnl", İngiltərə - Seneqal matçı isə dekabrın 4-də "Əl-Bayt" stadionunda keçiriləcək.