RUSİYA

Ceyhun Bayramov Sergey Lavrovla görüşəcək - Rusiya XİN

Rusiya XİN-in sözçüsü bildirib ki, nazirlər Rusiya-Azərbaycan münasibətlərinin gələcək inkişafı ilə bağlı bir sıra məsələləri nəzərdən keçirəcəklər.
Sputnik
BAKI, 30 noyabr — Sputnik. Dekabrın 5-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyaya işgüzar səfərə gələcək Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasını müzakirə etmək üçün danışıqlar aparacaq.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, xarici işlər nazirlikləri rəhbərləri bu il fevralın 22-də Moskvada iki ölkə prezidentləri tərəfindən imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə kontekstində Rusiya-Azərbaycan münasibətlərinin gələcək inkişafı ilə bağlı bir sıra məsələləri nəzərdən keçirəcəklər.

"Həmçinin bir sıra aktual regional və beynəlxalq məsələlərin ətraflı müzakirəsi nəzərdə tutulub. Üçtərəfli bəyannamələrin icrasının müzakirəsinə xüsusi diqqət yetiriləcək. Onlar Ermənistan-Azərbaycan münasibətlərinin hərtərəfli normallaşmasını təmin etmək üçün qəbul olunur", - deyə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi əlavə edib.

Xatırladaq ki, sonuncu dəfə oktyabrın 31-də Rusiyanın Soçi şəhərində Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri səviyyəsində görüş keçirilib.