BAKI, 30 noyabr — Sputnik. Bakıda Beynəlxalq Avtovağzal Kompleksinin olmasına baxmayaraq hələ də bir sıra regionlara hərəkət edən nəqliyyat vasitələrinin şəhərin digər nöqtələrində toplaşması halları var. Regionlara hərəkət edən nəqliyyat vasitələrinin avtovağzal kompleksindən kənarda sərnişin daşımasının qarşısını almaq üçün hansı işlər görülür?
Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Trend-ə bildiriblər ki, COVID-19 pandemiyası dövründə Nazirlər Kabinetinin qərarı ilə avtovağzallarda sərnişindaşıma müəyyən müddətə dayandırıldı. Həmin dövrdə xeyli sayda qeyri-qanuni daşımalar baş verdi. Şəhərlərarası sərnişin daşımaları bərpa edildikdən sonra daşıyıcıların və avtovağzal sisteminin fəaliyyətində çətinliklər yarandı. Çünki avtovağzallara daxil olmadan və kassalardan bilet almadan sərnişinlərin daşınması həyata keçirilirdi.
Heç bir texniki yoxlamadan keçməyən və bəzi hallarda sərnişindaşıma tələblərinə cavab verməyən avtobuslarla avtovağzallardan kənar, qanunsuz reyslərin edilməsi həm avtovağzalların, həm də daşıyıcıların rentabelliyinə mənfi təsir göstərir.
"Bununla bağlı əvvəlcə iri daşıyıcılar, daha sonra avtovağzal rəhbərləri ilə görüş keçirilib. Görüşlərdə sərnişindaşıma sahəsində çatışmazlıqların müəyyənləşdirilməsi, onların həlli yolları, daşıyıcıların fəaliyyəti, sahibkarların qarşılaşdığı problemlər müzakirə olunub. Onlardan problemlərin həlli ilə bağlı təkliflər alınıb. Bu təkliflər əsasında avtovağzalların işinin səmərəliliyinin artırılması ilə bağlı tədbirlər planı hazırlanıb. Tədbirlər planına əsasən sərnişindaşıma üzrə bilet satışının elektronlaşdırılması nəzərdə tutulur", - açıqlamada deyilir.
Nazirlik bildirir ki, hazırda şəhərlərarası (rayonlararası) müntəzəm avtobus marşrutlarında onlayn bilet satışının təşkili üçün "biletim.az" portalı üzərində işlər aparılır. Onlayn bilet sisteminin bu sahədə xidmət göstərən bütün daşıyıcıları və avtovağzalları əhatə etməsi nəzərdə tutulur. Portal vaxta qənaət, müştəri məmnuniyyətinin təmin edilməsi, ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılması və s. baxımından bir sıra üstünlüklərə malikdir. Onlayn bilet sisteminin tətbiqi rayonlar üzrə mərhələli şəkildə həyata keçiriləcək.
Həmçinin müntəzəm avtobus marşrutları üzrə qeyri-qanuni sərnişin daşımalarının qarşısının alınması məqsədilə oktyabrın 31-dən etibarən AYNA Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ilə birgə reydlər həyata keçirir.
"Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ətrafı da daxil olmaqla keçirilən reydlər çərçivəsində bu günədək 2722 avtonəqliyyat vasitəsi saxlanılıb. 553 halda AYNA əməkdaşları İnzibati Xətalar Protokolu tərtib ediblər. 1975 avtonəqliyyat vasitəsinin sürücüsü isə məlumatlandırılıb və onlara xəbərdarlıq olunub. Reydlər davam etdirilir", - qurumun məlumatında qeyd edilir.