BAKI, 30 noyabr — Sputnik. Tatarıstan Respublikasının Baş nazirinin müavini, sənaye və ticarət naziri Oleq Korobçenko və bu ölkənin 40-yaxın şirkətinin rəhbər şəxslərindən ibarət nümayəndə heyəti ilə İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) sədri Elşad Nuriyev arasında Sumqayıt Kimya Sənaye Parkında görüş keçirilib.
İZİA-dan bildirilib ki, Agentliyin sədri Elşad Nuriyev ölkədə fəaliyyət göstərən sənaye zonaları və aqroparklar, burada sahibkarlar üçün mövcud investisiya imkanları, tətbiq edilən vergi və gömrük güzəştləri barədə məlumat verib, sənaye zonaları və aqroparkların təqdimatı nümayiş olunub. Qeyd edilib ki, Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlığa əsaslanan müttəfiqlik münasibətləri bütün digər sahələrdə olduğu kimi, iqtisadi sahədə də uğurla inkişaf edir.
Tatarıstanlı iş adamlarının Azərbaycana səfəri
Diqqətə çatdırılıb ki, Azərbaycanın Rusiyanın ayrı-ayrı regionları, o cümlədən Tatarıstan Respublikası ilə səmərəli qarşılıqlı əməkdaşlıq münasibətləri var. Yük maşınlarının istehsalı üzrə dünyanın aparıcı şirkətlərindən olan "KamAZ"ın Cəbrayılda "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyi ilə "Avto Lizinq Azərbaycan" MMC adlı birgə servis mərkəzinin yaradılması bunun göstəricisidir.
Görüş çərçivəsində Tatarıstanda yerləşən "Alabuqa" Xüsusi İqtisadi Zonası və "Ximqrad Texnopolis" ilə ölkəmizdə fəaliyyət göstərən sənaye zonaları arasında əməkdaşlıq əlaqələrinin qurulması, təcrübə mübadiləsinin aparılması imkanları müzakirə olunub, Tatarıstanlı iş adamları sənaye zonalarında yaradılmış imkanlardan yararlanmağa, birgə layihələr həyata keçirməyə dəvət edilib.
Tatarıstanlı iş adamlarının Azərbaycana səfəri
Sonda qonaqlar İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzinin fəaliyyəti ilə, həmçinin Sumqayıt Kimya Sənaye Parkının rezidenti "STP" MMC-nin tərkibindəki "SOCAR-STP"nin Ağır maşınqayırma və Dəqiq mexaniki emal zavodlarında gedən istehsal prosesi ilə tanış olublar.
Qeyd edək ki, dünən Oleq Korobçenkonun rəhbərlik etdiyi nümayəndə heyəti İxracın və İnvestisiyaların Təşviqi Agentliyində (AZPROMO) olub.
Agentliyin rəhbəri Yusif Abdullayev qurumun fəaliyyət istiqamətləri və hədəfləri, ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti barədə məlumat verib, Bakıda keçiriləcək Azərbaycan-Tatarıstan biznes forumunun iş adamları arasında iqtisadi-ticarət əlaqələrinin inkişafına töhfə verəcəyini vurğulayıb.
Tatarıstanlı iş adamlarının Azərbaycana səfəri
Tatarıstan Respublikasının Baş nazirinin müavini, Tatarıstan Respublikasının sənaye və ticarət naziri Oleq Korobçenko ölkəsinin Azərbaycanla tərəfdaşlığa önəm verdiyini qeyd edib, Tatarıstan-Azərbaycan iqtisadi əlaqələrinin inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.
Görüşdə Azərbaycan məhsullarının ixracı, investisiya və sair sahələrdə əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, bu işgüzar missiyanın məqsədi bazarın cari tələbatını öyrənmək, gələcəkdə birgə müəssisələrin yaradılması üçün Tatarıstan və Azərbaycanın xarici iqtisadi əlaqələrinin inkişaf etdirilməsi, qarşılıqlı ticarət dövriyyəsinin artırılmasıdır. Həmçinin iqtisadiyyatın sahə sektorlarının inkişafı və Rusiya-Azərbaycan birgə layihələrinin həyata keçirilməsini özündə əks etdirir.
* Meta məhsullarının fəaliyyəti ekstremist kimi tanınıb və Moskvanın Tver Məhkəməsinin 21.03.2022-ci il tarixli qərarı ilə Rusiyada qadağan edilib.