BAKI, 29 noyabr — Sputnik. Çin Xalq Respublikasının sədri Si Tszinpin ölkəsinin Rusiya ilə birlikdə enerji sahəsində daha sıx tərəfdaşlıq qurmağa və beynəlxalq enerji təhlükəsizliyini dəstəkləməyə hazır olduğunu bildirib. Bunu çinli siyasətçi IV Rusiya-Çin Enerji Biznes Forumunun iştirakçılarına müraciətində deyib.
"Çin Rusiya ilə birlikdə beynəlxalq enerji təhlükəsizliyini və istehsal zəncirlərinin davamlılığını birgə qorumaq, həmçinin beynəlxalq enerji daşıyıcıları bazarının uzunmüddətli etibarlılığına və davamlılığına yeni töhfələr vermək niyyətindədir", - deyə Tszinpin bildirib.
Bundan əlavə, Çin hökuməti ekoloji cəhətdən təmiz və yaşıl enerji mənbələri sahəsinin inkişafına kömək etmək niyyətindədir.
Bu yaxınlarda ÇXR xarici işlər naziri Van Yi bildirib ki, Çin və Rusiya beynəlxalq vəziyyətin dəyişməsindən asılı olmayaraq koordinasiya və əməkdaşlığı gücləndirmək fikrindədir.
Bundan əlavə, 2023-cü ildə Çin sədrinin Rusiyaya rəsmi səfərinin gözlənildiyi bildirilib.