BAKI, 29 noyabr — Sputnik. Azərbaycanda ən çox cinayətlər narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlıdır. Belə ki, cəza çəkən şəxslərin 2/3-si narkotik və psixotrop maddələrin qanunsuz dövriyəsinə görə məsuliyyətə cəlb olunub. Hüquq müdafiəçisi Əliməmməd Nuriyev Sputnik Azərbaycan-a açıqlamasında belə deyib.
Onun sözlərinə görə, bu işdə birbaşa iştirak edənlər də onların qurbanı olan narkomanlarla bərabər məsuliyyətə cəlb edilməlidir.
"Lakin təbəqələr arasında fərq qoymasaq, o zaman hədəfə çata bilmərik. Narkokuryerlərə qarşı mübarizə aparmalıyıq. Bundan başqa, narkomaniyanın qarşısını almaq üçün sərhəd zonaları daha da möhkəmləndirməliyik. Çünki İran dövlət siyasəti nəticəsində narkotik-psixotrop maddələrlə Azərbaycana daxil olmağa çalışır", - deyə hüquq müdafiəçisi bildirib.
Mütəxəssis ölkənin çox böyük təhdidlərlə üz-üzə qaldığını dilə gətirib.
"Bu istiqamətdə cinayətlərin sayının artması İranın Azərbaycana qarşı açıq-aşkar narkotik maddələri ötürməsi ilə bağlıdır. Xüsusən də İran ağır narkotikləri ötürməyə çalışır. İranda genişmiqyaslı laboratoriyalar var, bir çox hallarda onlar İran xüsusi xidmət orqanları və molla rejiminin nəzarəti altındadır", - deyə Ə.Nuriyev bildirib.
Qeyd edək ki, baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədovun iştirakı ilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə çərçivəsində kütləvi informasiya vasitələri tərəfindən həyata keçirilən tədbirlərin müzakirəsi məqsədilə Nazirlər Kabinetində keçirilən görüşdə bildirib ki, xarici ölkə mənşəli narkotiklərin 95%-dən çoxu Azərbaycana İrandan gətirilib.