AZƏRBAYCAN XƏBƏRLƏRİ

Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti artırılır

Dövlətə maddi ziyan vurmuş hərbi qulluqçunun xidmət keçdiyi hərbi hissə dəyişdiyi halda onun barəsində tərtib olunmuş sənədlər maddi məsuliyyət məsələsinin həll edilməsi üçün yeni xidmət yerinə göndəriləcək
Sputnik
BAKI, 29 noyabr - Sputnik. Hərbçilərin dövlətə vurduğu maddi ziyana görə maddi məsuliyyətləri artırılır.
Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında Əsasnamə”də dəyişiklikdə əksini tapıb.
İclasda parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu prosesi geniş şəkildə davam edir. Bu proses çərçivəsində həyata keçirilən Silahlı Qüvvələrin maddi-texniki bazasının gücləndirilməsi və döyüş hazırlığının yüksək səviyyədə saxlanılması üçün önəmli məsələlər dövlətin müdafiə sahəsindəki əsas prioritetlərindəndir. İstənilən hərbi əmlakın düzgün istismarı və saxlanılması dövlətə maddi ziyanın vurulmasının qarşısının alınması məqsədinə xidmət edir.
Komitə sədri qeyd edib ki, layihədə hərbi qulluqçuların və toplanışa çağırılmış hərbi vəzifəlilərin törətdikləri hərbi xidmət əleyhinə olan inzibati xəta nəticəsində dövlətə vurduqları ziyana görə ödənilməmiş ziyanın bütün miqdarı həcmində maddi məsuliyyətə cəlb edilməsi nəzərdə tutulur. Cinayət və ya inzibati məsuliyyətə səbəb olmayan digər hərəkətlər nəticəsində vurulan ziyana görə maddi məsuliyyətin hədləri isə müddətli hərbi xidmətdə olan hərbi qulluqçular və kursantlar üçün pul təminatının iki aylıq məbləğindən üç aylıq məbləğinə, qalan hərbi qulluqçular isə pul təminatının aylıq məbləğindən iki aylıq məbləğinə qaldırılır. Sənəddə bir sıra təkmilləşdirmə xarakterli dəyişikliklər də nəzərdə tutulub.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Qeyd edək ki, layihəyə əsasən, hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər Azərbaycan Silahlı Qüvvələrinin nizamnamələri ilə, əmrlərlə və digər aktlarla nəzərdə tutulmuş xidməti vəzifələrini laqeyd yerinə yetirmələri nəticəsində vurduqları ziyana görə vurulmuş ziyanın miqdarında, lakin bu Əsasnamədə və Azərbaycan qanunvericiliyində maddi məsuliyyətin başqa hüdudlarını nəzərdə tutan hallardan başqa digər hallarda - müddətli hərbi xidmətdə olan hərbi qulluqçular və kursantlar pul təminatının 3 aylıq, toplanışlara çağırılmış hərbi vəzifəlilər gündəlik xərcin aylıq, qalan hərbi qulluqçular isə pul təminatının 2 aylıq məbləğindən artıq olmayaraq maddi məsuliyyət daşıyacaqlar.
İndiyə kimi isə hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər əsgəri nizamnamələrlə, əmrlərlə və digər aktlarla nəzərdə tutulmuş xidməti vəzifələrini laqeyd yerinə yetirmələri nəticəsində vurduqları ziyana görə vurulmuş ziyanın miqdarında, lakin bu Əsasnamədə və Azərbaycan qanunvericiliyində maddi məsuliyyətin başqa hüdudlarını nəzərdə tutan hallardan başqa digər hallarda — müddətli hərbi xidmətdə olan hərbi qulluqçular və kursantlar pul təminatının 2 aylıq, toplanışlara çağırılmış hərbi vəzifəlilər gündəlik xərcin aylıq, qalan hərbi qulluqçular isə pul təminatının aylıq məbləğindən artıq olmayaraq maddi məsuliyyət daşıyırdılar.
Dəyişikliyə əsasən, bu Əsasnaməyə uyğun olaraq dövlətə maddi ziyan vurmuş hərbi qulluqçunun xidmət keçdiyi orqan (hərbi hissə) dəyişdiyi halda onun barəsində tərtib olunmuş müvafiq sənədlər maddi məsuliyyət məsələsinin həll edilməsi üçün yeni xidmət yerinə (hərbi hissəyə) göndəriləcək.
Əsasnamənin 1-ci maddəsinin birinci hissəsi aşağıdakı redaksiyada verilir: "Hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələri ilə, əmrlərlə və digər aktlarla nəzərdə tutulan vəzifə borclarını yerinə yetirərkən dövlətə vurduqları ziyana görə təqsirli olduqda bu Əsasnaməyə uyğun olaraq maddi məsuliyyət daşıyırlar".
Xatırladaq ki, bu Əsasnamə hərbi qulluqçuların və toplanışa çağırılmış hərbi vəzifəlilərin dövlətə vurduqları ziyana görə maddi məsuliyyətinin əsaslarını, vurulan ziyanın miqdarının müəyyən edilməsinin və ödənilməsinin qaydalarını tənzimləyir.
Hərbi əmlak dedikdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Sərhəd Qoşunlarının, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış digər qoşun birləşmələrinin hərbi hissə, müəssisə, hərbi məktəb, idarə, təşkilatların sərəncamında olan silahların bütün növləri, döyüş texnikası və başqa texnika, döyüş sursatı, yanacaq, ərzaq, əşya, mühəndis, kimyəvi və ev əmlakı, başqa maddi və pul vəsaitləri başa düşülür.
Zərər aşkar edildikdə hərbi hissə, müəssisə, hərbi məktəb, idarə və təşkilatların komandirləri (rəisləri) zərərin başvermə səbəblərinin, onun miqdarının və təqsirli şəxslərin müəyyən edilməsi üçün dərhal inzibati təhqiqat təyin edirlər. Təhqiqat bir ay müddətində başa çatmalıdır. Lazımi hallarda yuxarı komandir (rəis) bu müddəti bir aydan artıq olmayaraq uzada bilər.
Zərərin başvermə səbəbləri, miqdarı və təqsirli şəxslər təftiş, yoxlama, təhqiqat, istintaq və ya məhkəmə tərəfindən müəyyən edildikdə inzibati təhqiqat aparılmaya bilər.
Təhqiqat zamanı cinayət əlamətləri aşkar edilərsə, hərbi hissənin, müəssisənin, hərbi təhsil müəssisəsinin, təşkilatın komandiri (rəisi) cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulan tədbirləri görməlidir.
Zərərin bir neçə şəxs tərəfindən vurulduğu hallarda hər bir şəxsin vurduğu zərər, konkret şərait və təqsirinin dərəcəsindən asılı olaraq ondan tutulacaq məbləğin dəqiq miqdarı əmrdə göstərilir.