BAKI, 29 noyabr — Sputnik. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Azərbaycan tərəfi Ermənistanın sülh müqaviləsi ilə bağlı təkliflərinə cavab verib. Bununla belə XİN rəhbəri konkret hansı təkliflərin və cavabların olmasını açıqlamayıb.
Xatırladaq ki, bir müddət əvvəl rəsmi Bakı sülh müqaviləsi ilə bağlı İrəvana təqdim etdiyi 5 maddəlik baza prinsiplərini açıqlamışdı. Həmin baza prinsiplərində dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması; bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi; dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək; dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması; nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması qeyd olunmuşdu.
Sputnik Azərbaycan Ermənistan tərəfinin açıqlaması ilə bağlı politoloq Elşən Manafovun fikirlərini öyrənib.
Politoloq Elşən Manafov bildirib ki, Ermənistan tərəfinin bu açıqlaması anlaşılan deyil: "Bu məsələyə ən azı Azərbaycanın Xarici İşlər Nazirliyi səviyyəsində aydınlıq gətirilməlidir. Azərbaycan tərəfi danışıqların təklif etdiyi 5 prinsip əsasında davam etdirilməli olduğunu bildirib. Ermənistan Baş naziri Nikol Paşinyan da bu 5 təklifin Ermənistanın maraqlarına uyğun olduğunu açıqlamışdı".
Politoloq onu da qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinin Soçidə Paşinyanla keçirdiyi görüşdən və telefon danışığından sonra erməni tərəfinin ilk baxışda danışıqlara hazır olduğu ehtimalları yaranmışdı: "Görünən odur ki, Ermənistan tərəfi hələ də qeyri-konstruktiv mövqeyini davam etdirmək niyyətindədir".
Elşən Manafovun fikrincə, Ermənistan tərəfi Rusiyanın Ukraynadakı əməliyyatlarda uğursuz olmasına ümidlidir:
"Ermənistan düşünür ki, Rusiyanın Ukraynada məğlub olması, onun MDB-də təsirinin azalmasına gətirib çıxaracaq. Nəticə etibarilə Rusiya geri çəkilməli olacaq. Paşinyan Rusiyanın Ermənistandakı mövqelərinin zəifləməsinə ümidlidir. Ancaq Ermənistan tərəfinin açıqlamaları mövcud reallıqlardan xeyli uzaqdadır. Biz Ermənistan tərəfinin danışıqları məhz danışıqlar naminə uzatdığını görürük".