BAKI, 28 noyabr — Sputnik. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev respublikanın sərhədyanı rayonları ilə Rusiya arasında əməkdaşlığın gücləndirilməsini vacib hesab edir.
Rusiya ilə Qazaxıstan arasında XVIII Regionlararası Əməkdaşlıq Forumunun iştirakçıları qarşısında çıxış edən dövlət başçısı respublikanın sabit ticarət və investisiya əlaqələrinin inkişafında maraqlı olduğunu qeyd edib.
"Prioritet sərhədyanı rayonlarımızda yolların tikintisi, logistika qovşaqlarının və iqtisadi zonaların yaradılmasıdır. 2019-cu ildə Şimali Qazaxıstan vilayətində Qızıljar xüsusi iqtisadi zonası yaradılıb. Çox yaxın gələcəkdə burada müasir ixracyönümlü istehsal müəssisələri yaranacaq. İnanıram ki, bu xüsusi iqtisadi zonanın fəaliyyəti iki ölkənin sərhədyanı rayonları arasında əməkdaşlığa yaxşı təkan verə bilər", - Tokayev bildirib.
Onun sözlərinə görə, digər prioritet yüksək əlavə dəyərli məhsulların istehsalı sahəsində əməkdaşlığın genişləndirilməsidir.
"Rusiyanın alüminium və neft-kimya klasteri müəssisələrinin Pavlodar və Atırau vilayətlərində işləməsi üçün əlverişli şərait var. Əminəm ki, bu istiqamətdə əməkdaşlıq ölkələrimizin sənaye potensialının güclənməsinə kömək edəcək", - Qazaxıstan lideri qeyd edib.
Prezident vurğulayıb ki, regionlararası və sərhədyanı əməkdaşlıq iki ölkə arasında bütün sahələrdə konstruktiv qarşılıqlı fəaliyyət üçün əsas platformaya çevrilməlidir.