BAKI, 28 noyabr — Sputnik. Beynəlxalq normalara görə, yaşından asılı olaraq, məktəbli çantaları 1.5-4.5 kilo, dərsliklərin çəkisi 300-600 qram olmalıdır.
Lakin Azərbaycanda bu norma gözlənilmir. Bunun üçün gündəlik dərsliklərlə dolu olan bir məktəbli çantasının ağırlığını ölçdük. 2-ci sinif şagirdinin cümə günü üçün dərs cədvəlinə uyğun olaraq çantasının çəkisi 5 kilo oldu. Həmin günün dərs cədvəlinə əsasən çantada Azərbaycan dili, Riyaziyyat, İnformatika, Təsviri İncəsənət fənn kitabları var idi.
Məktəbli çantasının çəkisi
© Sputnik / Nigar Iskanderova
Dövlət məktəblərindən fərqli olaraq özəl məktəblərdə artıq bu vəziyyətlə mübarizə aparmaq üçün müxtəlif addımlar atılır. Məsələn, bəzi özəl məktəblərdə artıq qovluqlardan istifadə olunur. Yəni, hər bir şagirdin ayrıca bir şkafı olur və o, gündəlik olaraq öyrənəcəyi səhifələri qovluqdan çıxararaq evə aparır.
Lakin dövlət məktəblərində vəziyyət qəliz olaraq qalmaqdadır.
Bir çox valideynlər deyir ki, sırf məktəb çantası ağır olduğu üçün onlar özləri övladlarını dərsə aparıb-gətirməli olurlar. Valideyn Lalə Məmmədovanın sözlərinə görə, bir neçə gün öncə oğlu məktəbli çantasını belinə taxarkən ağırlığından yerə yıxılıb. Valideynlər sırf buna görə övladlarını məktəbə özləri aparmaq məcburiyyətindədirlər.
Digər valideyn Səadət Yaqubova hesab edir ki, sırf bu problemlə əlaqədar olaraq düz qamətli gənclərin sayı azalır:
"Məktəblilər arasında skolioz xəstəliyi geniş yayılıb. Bu qədər yük uşaqlar üçün çox ağırdır. Onların bel sümükləri əyilir".
Həkim-fizioterapevt Səidə Kərimova deyir ki, öncəki illərdən fərqli olaraq son zamanlar 13-14 yaşlılar arasında skoliozla bağlı müraciətlərin sayı artıb: "Problemi həll etmək üçün kitablar sinifdə qalmalıdır. Bundan başqa, düşünürəm ki, hər fənnə görə 2-3 iş dəftəri və əlavə kitabın alınması, gündəlik bu vəsaitlərin məktəbə aparılması heç bir məntiqə sığmır".
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, ortoped-travmatoloq, cərrah Sənan Aşırov isə bildirib ki, qız uşaqlarında 8-12, oğlanlarda isə 11-13 yaş arasında daha aktiv böyümə prosesi getdiyi üçün əyilməyə meyllilik olur: "Uşaqlarda daha çox skolioz xəstəliyi üstünlük təşkil edir".
Təhsil üzrə ekspert Kamran Əsədov bildirir ki, elektron kitablardan istifadə haqda düşünmək mümkün olsa da, dövlət məktəbləri özəllərdən fərqli olaraq imkanlı valideynlərdən ibarət deyil: "1.6 milyon şagirddən 470 mini Bakının payına düşür. Bölgələrdəki valideynlərin isə ümumiyyətlə elektron alətləri yoxdur. Hesab edirəm ki, valideynlər çanta alarkən onun xalis çəkisinin yüngül olmasına fikir verməlidirlər. Hər kitabdan iki ədəd olarsa, biri məktəbdə qalarsa, bu zaman daha rahat olar".
Ekspert bildirir ki, Azərbaycanda dərsliklərin çəkisi normada 250 qramdan daha çox - 450 qramdır.
Digər təhsil eksperti Elşən Qafarov bildirib ki, hazırda çantaların çəkisi normadan iki-üç dəfə daha artıqdır. Bu da nəticə etibarı ilə uşaqlarda bel əyriliyinə səbəb olur: "Düşünürəm ki, şagirdlər planşetlə təmin olunmalıdırlar. Dövlət proqramında da göstərilirdi ki, 2020-ci ilədək şagirdlər planşetlə təmin olunmalıdır. Lakin təəssüflər olsun ki, bu, baş vermədi".
Bəs, məktəbli çantaları, dərsliklər beynəlxalq tələblərə görə, hansı çəkidə, ağırlıqda olmalıdır?
Öncə siniflər üzrə normaya baxaq:
I-II sinif şagirdləri üçün - 1,5 kq
III-IV sinif şagirdləri - 2 kq
V-VI sinif şagirdləri- 2,5 kq
VI-VIII sinif şagirdləri -3,5 kq
Yuxarı siniflərdə - 4 -4,5 kq
Hər bir dərsliyin maksimal çəkisi sinifdən asılı olaraq belə dəyişilir:
İbtidai siniflərdə: 300 qr
V-VI siniflər üçün: 400 qr
VII-IX siniflər üçün: 500 qr
Yuxarı siniflər üçün: 600 qr
Qeyd edək ki, ümumilikdə çanta hər uşağın çəkisinin 10% qədərində olmalıdır. Yəni, bu həddi keçmək sağlamlıq üçün təhlükəlidir.
Məktəbli çantasının çəkisi
© Sputnik / Nigar Iskanderova
Xatırladaq ki, bir müddət öncə Milli Məclisin Elm və təhsil komitəsinin iclasında deputat Fatma Yıldırım ibtidai sinif şagirdləri arasında skolioz xəstəliyinin artdığını bildirib. Xəstəlik çox çətin müalicə olunduğunu söyləyən F.Yıldırım deyib ki, uşaqların çantaları çox ağırdır:
"Avropanın bir sıra məktəblərində ibtidai sinif uşaqları üçün verilən dərsliklər iki nüsxədə çap olunur. Onların çantaları bu qədər ağır olmur”.
Onun sözlərinə görə, bu xəstəliyin müalicəsi üçün Səhiyyə Nazirliyinə dövlət büdcəsindən çoxlu vəsait ayrılır:
“Mən buradan Səhiyyə Nazirliyinə səslənmək istəyirəm. Bu xəstəliyin müalicəsi üçün reabilitasiya müəssisələri demək olar ki, yoxdur. Uşaqlar bizim gələcəyimizdir. Valideynlər bizdən bu xəstəliyin müalicəsi üçün dəstək istəyir. Regionlarda bu xəstəliyi müalicə edən ixtisaslı kadrlar da yoxdur. Vətəndaşlarımız Bakıya gəlməyə məcbur olur. Buna da bəzilərinin imkanı çatır, bəzilərinin yox”.
Qeyd edək ki, mövzu ilə bağlı Elm və Təhsil Nazirliyinə yolladığımız sorğuya cavab verilməyib.