BAKI, 28 noyabr - Sputnik. Rusiyanın Tatarıstan Respublikasından olan 40-dan çox rusiyalı sahibkar Bakıda Azərbaycan bazarına daxil olma mexanizmlərini müzakirə ediblər. Görüş "Rossotrudniçestvo”nun nümayəndəliyində keçirilib.
Tatarıstanlı iş adamları yaxın bir neçə gün ərzində azərbaycanlı həmkarları ilə əlaqə və əməkdaşlıq qurmaq, həmçinin Bakıda öz strukturlarının filiallarını açmaq niyyətindədirlər.
Görüşdə iş adamlarından başqa, Tatarıstan Respublikasının Baş nazirinin müavini - sənaye və ticarət naziri Oleq Korobçenko, Rusiya Federasiyasının Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov, "Rossotrudniçestvo" nümayəndəliyinin rəhbəri İrek Zinnurov, Rusiya İxrac Mərkəzinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri Nuri Quliyev və Tatarıstan Respublikasının Bakıdakı daimi nümayəndəsi Murad Qadılşin da iştirak ediblər.
Tatarıstan baş nazirinin müavini Oleq Korobçenko Sputnik Azərbaycan-a müsahibəsində bildirib ki, respublikanın nümayəndə heyətinə 120 nəfər daxildir.
O, həmçinin onlarla birlikdə Bakıya 42 şirkətin nümayəndələrinin gəldiyini və onların hər birinin ayrı-ayrı sahələrdə təkcə ölkə daxilində deyil, həm də xaricdə uğur qazandığını bildirib. İş adamlarının əksəriyyəti Azərbaycan paytaxtına ilk dəfə səfər edib və azərbaycanlı həmkarları ilə əlaqələr qurmaq niyyətindədirlər.
“Tatarıstan Rusiya Federasiyasının iqtisadi cəhətdən ən inkişaf etmiş bölgələrindən biridir, burada bütün sənaye sahələri təmsil olunur: neft hasilatı, neft-kimya, təbii qaz emalı, avtomobil, təyyarə, gəmiqayırma, radioelektronika, mikroelektronika və məişət texnikası. Biz Azərbaycanla bütün sahələrdə əməkdaşlığa hazırıq. Bu gün biznesimiz yeni bazarlar və xammal yerləri axtarır”, - Baş nazirin müavini bildirib.
O, həmçinin əlavə edib ki, Azərbaycan şirkətlərinin nümayəndələrini Tatarıstanda öz müəssisələrini açmağa dəvət edir. Onun sözlərinə görə, 2021-ci ildə Azərbaycanla ticarət dövriyyəsi cəmi 700 milyon dollar, bu ilin 9 ayında isə 500 milyon dollar təşkil edib.
“Bu, gizlədilən potensial baxımından çox kiçik bir məbləğdir. Bu baxımdan biz əlaqələrimizi təkmilləşdirməli və gücləndirməliyik. Biz qarşılıqlı faydalı şərtlərlə dostluq etməyə, işləməyə, tələbə və mədəni ənənələr mübadiləsi aparmağa hazırıq”, - Korobçenko əlavə etdi.
Noyabrın 29-da Marriott Absheron Baku-da keçiriləcək biznes forum çərçivəsində Tatarıstan Respublikası və Azərbaycan sahibkarlarının görüşü baş tutacaq.