SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İndiyədək 146 əsgərin qalıqları Ermənistana qaytarılıb - XİN

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bu gün Azərbaycanın həlak olmuş erməni hərbi qulluqçularının meyitlərinin təhvil verilməsi barədə məlumat yayıb.
Sputnik
BAKI, 28 noyabr - Sputnik. Beynəlxalq humanitar hüquqa möhkəm sadiqliyini nümayiş etdirən Azərbaycan sentyabrın 12-14-də delimitasiya olunmamış sərhəd boyunca Ermənistanın sonuncu hərbi təxribatı zamanı həlak olmuş erməni əsgərlərinin qalıqlarının axtarışını davam etdirir.
Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə tviterdə bildirib.
A.Hacızadə qeyd edib ki, indiyədək 146 əsgərin qalıqları Ermənistana qaytarılıb.
Xatırladaq ki, bu gün Azərbaycan həlak olmuş erməni hərbi qulluqçularına aid meyitləri təhvil verib. Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat açıqlayıb.
Bildirilib ki, 2022-ci ilin 12-13 sentyabr tarixlərində Azərbaycan-Ermənistan sərhədində baş vermiş hərbi əməliyyatlar zamanı həlak olmuş erməni hərbi qulluqçularına aid meyitlərin axtarışı prosesi davam etdirilib.
Ərazidə aparılmış axtarış tədbirləri nəticəsində aşkar olunmuş Ermənistan hərbçilərinə məxsus 13 cəsəd cari ilin noyabrın 28-də Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun əməkdaşlarının iştirakı ilə baxış keçirildikdən və onların üzərində hər hansı zorakılıq əlamətlərinin olmaması müəyyən edildikdən sonra beynəlxalq humanitar hüquq normalarına uyğun qaydada Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə qarşı tərəfə təhvil verilib.