QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

"Madagiz" yox, SUQOVUŞAN! "Getavan" yox, QOZLUKÖRPÜ - Müdafiə Nazirliyinin müraciəti

MN müraciətində bildirilir ki, Azərbaycan ərazilərinin uydurma erməni toponimləri ilə ifadə olunması yolverilməzdir.
Sputnik
BAKI, 28 noyabr - Sputnik. Azərbaycan Müdafiə Nazirliyi mətbuat üçün açıqlama yayıb.
Açıqlamada təəssüflə bildirilir ki, dəfələrlə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən narazılıq ifadə olunmasına baxmayaraq, Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatlarında yaşayış məntəqələrimizin adlarının erməni toponimləri ilə qeyd olunması yenə də davam edir.
"Qarabağ iqtisadi rayonunun "Dağlıq-Qarabağ ərazisi" kimi qeyd edilməsinə son qoyulmalıdır. Ümumiyyətlə, Azərbaycan ərazilərinin uydurma erməni toponimləri ilə ifadə olunması yolverilməzdir", - deyə sənəddə qeyd olunur.
Daha sonra vurğulanır ki, Nazirlik Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığını Azərbaycanın yaşayış məntəqələrinin adlarının onlara göndərilən rəsmi sənədlərə müvafiq şəkildə ifadə etməyə çağırır:
"28.11.2022-ci il tarixində Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatında “Mardakert”, "Martuni", "Madagiz" və "Getavan" kimi adlandırılan Azərbaycan yaşayış məntəqələrinin rəsmi adları uyğun olaraq AĞDƏRƏ, XOCAVƏND, SUQOVUŞAN və QOZLUKÖRPÜDÜR".