Azərbaycan-Ermənistan sərhədində vəziyyət

Azərbaycan erməni hərbçilərin meyitlərini təhvil verdi

Meyitlərin üzərində hər hansı zorakılıq əlamətlərinin olmaması müəyyən edildikdən sonra beynəlxalq humanitar hüquq normalarına uyğun qaydada Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə qarşı tərəfə təhvil verilib.
Sputnik
BAKI, 28 noyabr — Sputnik. Azərbaycan həlak olmuş erməni hərbi qulluqçularına aid meyitləri təhvil verib. Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat açıqlayıb.
Bildirilir ki, 2022-ci ilin 12-13 sentyabr tarixlərində Azərbaycan-Ermənistan sərhədində baş vermiş hərbi əməliyyatlar zamanı həlak olmuş erməni hərbi qulluqçularına aid meyitlərin axtarışı prosesi davam etdirilib.
Ərazidə aparılmış axtarış tədbirləri nəticəsində aşkar olunmuş Ermənistan hərbçilərinə məxsus 13 cəsəd cari ilin noyabrın 28-də Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun əməkdaşlarının iştirakı ilə baxış keçirildikdən və onların üzərində hər hansı zorakılıq əlamətlərinin olmaması müəyyən edildikdən sonra beynəlxalq humanitar hüquq normalarına uyğun qaydada Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə qarşı tərəfə təhvil verilib.
Qeyd edək ki, sentyabrın 13-nə keçən gecə Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin təxribat törətməsi barədə məlumat yayıb. Nazirlikdən verilən məlumata görə, Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində irimiqyaslı təxribat törədilib.
Ermənistan silahlı qüvvələrinin təxribat qrupları gecə saatlarında dağlıq ərazidən və mövcud dərələrdən istifadə edərək Azərbaycan Ordusunun bölmələrinin mövqeləri və təchizat marşrutları arasında müxtəlif istiqamətlərdə minalamağa başlayıblar.
Azərbaycan Silahlı Qüvvələri düşmənin atəş nöqtələrinin qarşısını alaraq cavab tədbirləri görüb, toqquşmaların genişlənməsinin qarşısının alınması üçün də tədbirlər görülüb.
12-14 sentyabr 2022-ci il tarixində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 282 hərbi qulluqçusu yaralanıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.