İQTİSADİYYAT

Aran Qarabağda torpaqlar korlanır

Qarabağın Arazboyu çəmən-boz, allüvial-çəmən, çəmən boz-qəhvəyi (şabalıdı) torpaqlarının antropogen yüklənməsi normal səviyyədə olub.
Sputnik
BAKI, 28 noyabr — Sputnik. Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurasının növbəti iclasında Azərbaycanın torpaq ehtiyatları coğrafiyası şöbəsinin illik hesabatı dinlənilib.
İnstitutdan verilən xəbərə görə, C.ü.f.d., dosent İsmayıl Quliyev rəhbərlik etdiyi şöbənin plana əsasən yerinə yetirilməsi 2022-2025-ci illər üçün nəzərdə tutulan "Qarabağın torpaq örtüyünün hərbi-texnogen təsir nəticəsində deqradasiyasının qiymətləndirilməsi və səmərəli istifadəsi" mövzusu üzrə birinci ‟Qarabağın Arazboyu düzənliyi torpaqlarının müasir vəziyyəti, bərpası və səmərəli istifadəsi" (2022-2023) adlı işin gedişatı haqqında təqdimatla çıxış edib. Şöbə müdiri hesabat işi ilə əlaqədar tədqiqat ərazisindən götürülmüş torpaq nümunələrinin beş adda 17 parametr üzrə laboratoriya analizlərinin aparıldığını qeyd edib.
Bildirib ki, bir illik çöl və laborator analiz nəticələrinin təhlilindən aşağıda göstərilən mühüm nəticələr əldə olunub.
Aran Qarabağın çəmən-boz, boz, allüvial-çəmən, boz-qəhvəyi (şabalıdı) torpaqlarının antropogen yüklənməsi son otuz ildə müsbət dinamika üzrə davam edib, nəticədə əkinaltı torpaqlar tip, yarımtip səviyyədə morfogenetik istiqamətdə transformasiyaya uğrayaraq, mülayim, qismən şiddətli dərəcədə fiziki-kimyəvi deqradasiyaya məruz qalıb.
Qarabağın Arazboyu çəmən-boz, allüvial-çəmən, çəmən boz-qəhvəyi (şabalıdı) torpaqlarının antropogen yüklənməsi normal səviyyədə olub, ciddi morfogenetik pozulmalar müşahidə olunmayıb və torpaqlar bir sıra üzvi və qeyri-üzvi kəmiyyət-keyfiyyət göstəricilərinə görə əvvəlki monitorinq nəticələrilə müqayisədə müsbət dinamika üzrə dəyişib.