BAKI, 28 noyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 28-də ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikeri qəbul edib.
Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Dövlət başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Antoni Blinkenə çatdırmağı xahiş edib.
Görüşdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsi üzrə danışıqların aparılması ilə bağlı xarici işlər nazirləri səviyyəsində Vaşinqtonda keçirilmiş görüş ətrafında fikir mübadiləsi aparılıb.
ABŞ dövlət katibi Antoni Blinkenin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesini daim diqqətdə saxlaması yüksək qiymətləndirilib.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikeri sonuncu dəfə sentyabrın 13-də qəbul edib.
Həmin görüşdə sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin iki ölkənin sərhədinin Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatlar müzakirə olunub.
Dövlət başçısı Azərbaycanın Ermənistanın bu təxribatlarına cavab tədbirləri həyata keçirdiyini və baş vermiş təxribatlara görə bütün məsuliyyətin Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü qeyd edib.