BAKI, 27 noyabr - Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrovun noyabrın 27-28-də Belarusa planlaşdırılan işgüzar səfəri belaruslu həmkarı Vladimir Makeyin vəfatı ilə əlaqədar təxirə salınıb. Bu barədə RİA Novosti məlumat yayıb.
Hazırda Rusiya nazirin Belarusa səfərinin nə vaxt baş tutacağı açıqlanmır.
"Səfərin və kollegiyaların birgə iclasının yeni tarixləri daha sonra açıqlanacaq", - deyə Rusiya Xarici İşlər Nazirliyi qeyd edib.
Həmçinin Rusiya Xarici İşlər Nazirliyi Belarus naziri Makeyin vəfatı ilə əlaqədar başsağlığı verib. Lavrov həmkarının həyat yoldaşına başsağlığı teleqramı göndərib.
Vladimir Vladimiroviç Makey 65 yaşında vəfat edib. O, 20 avqust 2012-ci ildən respublika Xarici İşlər Nazirliyinin rəhbəri vəzifəsində çalışıb.