İQTİSADİYYAT

Qazla bağlı işləri ancaq lisenziyalı mütəxəssislərə həvalə edin! - "Azəriqaz" rəhbəri

Qurum rəhbəri bildirib ki, baş vermiş hadisələrdən sonra bir çox iaşə mərkəzlərinin rəhbərləri təhlükəsizlik tədbirlərini daha da gücləndiriblər - həm metan, həm də propan qazını müəyyən etmək üçün dedektorlar quraşdırılıb.
Sputnik
BAKI, 26 noyabr — Sputnik. Havaların soyuması təbii qaza olan tələbatı daha da artırıb. Qaza tələbatın artması isə təhlükəli hadisələrin riskinin artması deməkdir.
Bir neçə ay öncə paytaxtdakı "Location" gecə klubunda, daha sonra Xırdalan şəhərindəki yaşayış binasında partlayışın baş verməsi də bir daha təhlükəsizliklə bağlı bəzi məsələlərdə abonentlərin diqqətsiz, məsuliyyətsiz davrandığını göstərdi.
Sputnik Azərbaycan SOCAR “Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevlə iaşə mərkəzləri, yataqxanalarda təhlükəsizlik, sayğaclar və növbəti illə bağlı məsələləri müzakirə edib:
“Azəriqaz” İB sədri Ruslan Əliyev
- Bu ilin ortalarında "Location" gecə klubunda partlayış baş verdi, ölən və yaralananalar oldu və bundan sonra komissiya yaradıldı, reydlər aparıldı. Son nəticələr nədir?
- Bu hadisənin baş verməsindən öncə də reydlər aparırdıq. Lakin məlum hadisələrdən sonra reydləri daha da gücləndirdik. Bütün hallarda baş verən hadisələr nəticə çıxarmağa əsas verir. Təhlükəsizlik qaydalarına riayət olunması baş verən hadisələrin nəticəsində daha da təkmilləşir, yaxud da səbəblərə yenidən baxılır. Bu hadisə də analoji yanaşmanı şərtləndirdi. Qeyd edim ki, məlum partlayışdan sonra komissiya yaradıldı. Bakı Şəhər İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi, "Azəriqaz" İstehsalat Birliyinin nümayəndələri tərəfindən birgə reydlər aparıldı və oktyabrda bu işlər sona çatdı. Nəticə olaraq qeyd edim ki, Bakı şəhəri, eləcə də bütün region üzrə 1500-dən artıq iaşə obyektində yoxlamalar aparıldı və 500-dən artıq obyektdə texniki şərtdən kənara çıxma halı aşkar olundu. Yəni müxtəlif üsullarla icazəsiz olaraq qazdan istifadə halları müəyyən edildi. Bildiyiniz kimi zirzəmi və yaşayış binalarının birinci mərtəbəsində fəaliyyət göstərən iaşə obyektlərində qazdan istifadə qanunun tələblərinə uyğun deyil. Bu tip iaşə mərkəzlərində yalnız istilik sisteminə - yəni kombiyə icazə verilsə də, biz digər avadanlıqların istifadəsinin şahidi olduq. Söhbət böyük sobalardan və dördgözlü qaz cihazlarından gedir. Bu kimi nöqsanlar təsdiq edilən texniki şərtlərdən yayınma halı kimi qiymətləndirilir. Monitorinqlərin nəticəsi olaraq qeyd edim ki, təxminən 200-dək obyektdə qazla bağlı texniki şərtlərin pozulması halları aşkarlandı və həmin obyektlərin sayğacları ya götürüldü, ya da plomblanaraq qazdan istifadəyə icazə verilmədi. Həmin obyektlərdə texniki şərtin qaydaları bərpa olunduqdan sonra kombilərə və ya qazanxanalara qazın verilişi bərpa olundu. Amma təəssüflə qeyd edim ki, həmin obyektlərə təkarar baxış zamanı bir neçə sahibkarın yenidən analoji səhvə yol verdiyi halı da müəyyən edildi. Bu halarla bağlı tədbir görərək, aidiyyəti qurumlara müraciət etdik. Çünki sərt addım atmaq kimi bir səlahiyyətimiz yoxdur.
Əlavə olaraq qeyd edim ki, qaz balonlarından istifadə, təhlükəsizlik qaydalarının qorunub-qorunması ilə bağlı reydlər təşkil etmək də "Azəriqaz" İB-nin səlahiyyətləri daxilində deyil. Biz qaz istehlakçısı olmayan yerlərdə müstəqil olaraq hansısa reydlər keçirə bilmərik.
Qaz sobası, arxiv şəkli
- Həmin partlayışdan sonra sahibkarlar bir nəticə çıxardıbmı?
- Məlum hadisədən sonra bir çox iaşə mərkəzlərinin rəhbərləri təhlükəsizlik tədbirlərini daha da gücləndirdilər. Həm metan, həm də propan qazını müəyyən etmək üçün dedektorlar quraşdırdılar. Heç olmasa propan və metan qazını müəyyən edən dedektorların quraşdırılması təhlükənin qarşısını almağa kömək edir. Belə olan halda təbii ki, sahibkar daha ayıq-sayıq olur və təhlükəsizlik üçün tədbirlər görür.
- Xüsusən də bu cür iaşə obyektlərində təhlükəsizlik naminə hansı amillərə diqqət etmək lazımdır?
- Əvvəla, texniki şərtdən kənara çıxaraq qaz avadanlıqlarının yerini dəyişmək olmaz. Əgər xüsusi imkanlar varsa, şərait həmin avadanlıqların yerinin dəyişdirilməsini dəstəkləyirsə, o halda texniki şərtdə qanuni dəyişiklik edərək və təcrübəli, lisenziyalı mütəxəssislərə müraciət edərək bu işi görmək olar. Əks təqdirdə xoşagəlməz hadisələr qaçılmazdır. Yəni kimsə santexnik işini bacarırsa, bu o demək deyil ki, qaz avadanlıqlarının yerdəyişməsini ona həvalə etmək olar. Abonentlərimizdən xahişimiz budur ki, bu tip mövzularda ehtiyatlı olsunlar ki, sonrakı peşimançılıq müzakirə mövzusu olmasın.
- Rezin borulardan istifadə insan həyatı ilə oynamaq deməkdir. Bununla bağlı fikirlərinizi bilmək istərdik.
- Daxili xətlərdə mütləqdir ki, metal borulardan istifadə edilsin. Lakin təəssüflər olsun ki, bu birləşmələrdə adi rezin borulardan da istifadə edilir. Yəni, mənşəyi bilinməyən, təhlükəsizlik qaydalarına cavab verib-vermədiyi bəlli olmayan borulardan istifadə təhlükə yaradır. Bu rezin borular isti və ya soyuq hava kütləsinin təsiri altında müxtəlif hallara düşə bilir. Nəticədə rezin borularda sızmalara münbit şərait yaranır. Və nəticəni dilimə gətirmək belə istəmirəm… Təkrar edirəm, bu tip xətlərdən uzaq olmaq və görülən işləri lisenziyalı peşəkarlara həvalə etmək lazımdır. Qazla dostcasına davranaq ki, adekvat nəticəni yaşayaq.
“Azəriqaz” İB sədri Ruslan Əliyev
- Bir neçə il öncə Bakı Dövlət Universitetinin yataqxanasında da qaz sızması nəticəsində bədbəxt hadisə baş vermişdi. Yataqxanalarla bağlı vəziyyət necədir?
- "Azəriqaz" İB olaraq yataqxanaların ancaq ümumi mətbəxlərini qazla təmin edə bilirik. Yəni yataqxanalarda hər bir mənzil üzrə qaz paylayıcımız yoxdur, bu tip binalara sayğac ümumi olaraq qoyulur. Yaşayış binalarından fərqli olaraq yataqxanalarda qaza nəzarət məsələsində məsuliyyət yükünün konkret ünvanı yoxdur. Ümumi mətbəxə verilən qaza nəzarət də təbii ki, ümumi olacaq, təbii ki. Bu da narahatlıq yaradan amilllərdən biridir. Digər tərəfdən, bu kimi binalarda qaza hesablanan təhlükəsizlik qaydaları olmadığına görə də biz yataqxanaların qazlaşmasını təmin edə bilmirik. Burada ən vacib faktor insan taleyidir ki, biz bunu gözləməyə borcluyuq və qanun da bizim bu borcumuzu təsdiqləyir.
Qaz sayğacı, arxiv şəkli
- Yerli sayğaclar istehsal olunur, onlarla bağlı vəziyyət nə yerdədir?
- Biz hələ ki, yerli istehsal olan sayğacların kütləvi tətbiqinə başlamamışıq. Yəni, hələlik sınaq üçün bu sayğacların qəbulu mərhələsindəyik. Qeyd edim ki, ilkin olaraq bizə 2 min sayğac sınaq üçün verilməli idi. Memorandumda təsbit olunduğu kimi, xüsusi komissiya yaradılıb və həmin komissiya istehsalın reallaşdığı "Gəncə cihazqayırma zavodu"nda sayğaclara baxış keçirdi. Son rəy belə oldu ki, o sayğacların texniki şərtə daha da uyğunlaşdırılması istiqamətində işlər aparılmalıdır. Yəni, o sayğaclar texniki tələblərə tam olaraq cavab verərsə, o zaman istehsalatda onlardan istifadə oluna bilər.
- Ağıllı sayğaclarla bağlı son vəziyyət nə yerdədir?
- Biz ilkin olaraq yeni tikilən binalarda, MTK-larda bu prosesə başlamışıq. Mexaniki tipli sayğacın üzərində smart qurğuların quraşdırılması həyata keçirilir. Artıq 40 minə yaxın sayğacda bu cihaz quraşdırılıb. 2023-cü ildə "LoRaWAN "sistemini rellaşdırmağı düşünürük. "LoRaWAN" sistemi ilə təmassız şəkildə sayğaclar kənardan oxuna, borca görə bağlana, yenidən bərpa oluna, məlumatlar mərkəzi bazaya ötürülə biləcək. Artıq bununla bağlı proqramlaşdırma işləri gedir.
- Partlayışlardan danışdıq. Bundan əlavə, müxtəlif hallar - oğurlanma və sair hallar da nəticə etibarilə "Azəriqaz" İB-yə ziyan vurur. Bununla bağlı rəqəmləri açıqlayardınız.
- Dəymiş ziyana görə xüsusi aktlar yazılır, lakin qanunvericilikdə müəyyən məsələlər həllini tapmadığı üçün biz abonentlərin, yaxud da məhkəmənin iştirakı ilə faktları təsdiqlədərək vətəndaşdan vurulan ziyanı tələb edirik. Bu günədək 20 minədək abonent bizə ziyan vurub. Bu faktlardan 70 faizi artıq rəsmi formada təsdiqini tapıb. Qazla bağlı 30 milyon kub/metrə yaxın ziyan dəyib.
- Ölkədə 900-dək kənd və qəsəbə qazlaşdırılmayıb. Növbəti illə bağlı proqnoz nədir və bu kənd və qəsəbələrin aqibəti necə olacaq?
- Qeyd edim ki, 2022-ci ildə 110 yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulub və ilin sonunda bu proqramın 90 faizdən çoxu icra olunacaq. Cari illə müqayisədə növbəti il üçün proqrnoz daha çoxdur. 140-a yaxın kənd və yeni yaşayış məntəqəsinin qazlaşdırılması planlaşdırılır. Qeyd edim ki, bu ay ərzində gələn illə bağlı planın təsdiqi nəzərdə tutulur.
- Gələn illə bağlı başqa hansı planlar var?
- Müştəri, abonent məmnuniyyəti naminə daim yeniliklər tətbiq edirik. 2035-ci ilədək nəzərdə tutulan strategiyamızda da qeyd olunub ki, gələcəkdə ümumi, ağıllı qazölçmə sistemləri qurulsun. Təkcə əhali abonentləri deyil, qeyri-əhali abonentləri üçün mərkəzləşmiş qaz dispetçer sisteminin qurulması nəzərdə tutulur. Bu işlərlə bağlı gələn il texniki və iqtisadi göstəriciləri dəyərləndirəcəyik və bundan sonra gələcək illərdə mərhələli şəkildə bu işlərin icrasına başalanılacaq. Çünki hazırda qaz təsərrüfatında yeganə problem abonentlərlə bağlı deyil. Ümumi qaz şəbəkəsində ağıllı ölçmə sistemlərinin qurulması, mərkəzləşmiş - dispetçer sistemi ilə onun əlaqəsinin olmaması da əsas problemlərdən biridir. Abonentləri ən çox narahat edən məsələ qazın təzyiqinin düşməsidir. Biz bunu abonentin 104 çağrı mərkəzinə zəngi, sosial şəbəkədə paylaşımı ilə bilirik. Amma bəhs etdiyim mərkəzləşmiş sistem tətbiq olunsa, abonentin müraciətinə ehtiyac qalmayacaq.
- Əslində necə olmalıdır?
- Bu sistem elə olmalıdır ki, mərkəzi dispetçer sistemi ilə hansısa ərazidə təzyiqin azalması halını görməliyik. Qaz şəbəkəsi ağıllı sistem üzərində qurulmalıdır. İndiki vəziyyətdə, sanki, biz problemi "yaradırıq", sonra da onun həllini təmin edirik. Belə olan halda təbii ki, vətəndaş məmnunluğu kimi hədəfimiz müzakirə mövzusu olur. Düzdür, bu kimi hallar kütləvi deyil, hətta azdır - deyə bilərəm. Ancaq yenə də, olmaması lazımdır.
“Azəriqaz” İB sədri Ruslan Əliyev
- Təzyiqdən söz düşmüşkən, buna səbəb olan əsas amil nədir?
- Stansiyadan qaz götürüldükdən sonra, abonentə çatanadək ən azı 3-4 dəfə müxtəlif qaz tənzimləyici proseslərdən keçir, müəyyən məsafə qət edir. Bizim qaz aldığımız nöqtə ilə son abonent arasında 40 kilometrədək məsafə olur. Belə olan halda texniki problemlər yarandıqda sərfiyyat, təzyiq hissə-hissə azalır. Lakin bizim ağıllı dispetçer sistemimiz olsa, onu vaxtında aşkar edə bilərik. Belə olan halda biz problemi vətəndaşdan daha tez görə bilərik və vaxtında lazımi addımlar ata bilərik.
Bir daha qeyd edim ki, təzyiqin düşməsi kimi problemləri həll etmək mümkündür və edirik. Amma abonentlərin təhlükəsizlik qaydalarına əməl etməməsindən doğan hadisələrin nəticələrini geri qaytarmaq olmur və ya çox çətin olur… Qaz avadanlığının yerinin dəyişdirilməsini hər adama həvalə etmək olmaz. Abonentlər sosial şəbəkələr, "104" Çağrı Mərkəzi üzərindən, həmçinin 077- 3- 104 -104 "Whatsapp" nömrəsi vasitəsilə, ərazi üzrə idarələrimizə müraciət edə bilərlər. Bir daha xahiş edirik ki, təhlükəsizlik naminə mütləq bizi axtarsınlar, başqa ünvanlara üz tutmasınlar.