BAKI, 26 noyabr — Sputnik. Kürdəmirdə iki mağazadan oğurluq edən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən iki mağazadan oğurluq etməkdə şübhəli bilinən rayonun Atakişili kənd sakini, əvvəllər məhkum olunmuş Ramal Şirinov saxlanılıb.
Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edib. Araşdırmalar zamanı məlum olub ki, R.Şirinov rayon ərazisində yerləşən mağazalara gecə saatlarında daxil olaraq, oradan 860 manat pul, 400 manat dəyərində danışıq kartları və 949 manat dəyərində tutun məmulatları oğurlayaraq zərərçəkmişlərə ümumillikdə 2209 manat maddi ziyan vurub.
Faktla bağlı Kürdəmir RPŞ-də cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Onun digər analoji cinayət hadisələrində iştirakının olub-olmaması araşdırılır. Xatırladaq ki, ötən gün Bakının Binəqədi qəsəbəsində yerləşən "Oba" marketdə də soyğunçuluq hadisəsi olub. Naməlum bıçaqlı şəxs marketə girərək işçilərə qarşı həyati təhlükəli zor tətbiq etməklə 65 manat pul və 22 manatlıq ərzaq məhsullarını götürüb. Faktla bağlı Binəqədi rayon Polis Şöbəsində cinayət işi başlanıb, Mirzəyev Ramin Elman oğlu şübhəli qismində saxlanılıb.