SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistanla normallaşma prosesi müzakirə olunub

Ceyhun Bayramov Aİ-nin xüsusi nümayəndəsini Ermənistanın təxribatları barədə məlumatlandırıb
Sputnik
BAKI, 26 noyabr - Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə görüşdə avropalı diplomatı Ermənistanın təxribatları barədə məlumatlandırıb.
Bu barədə XİN-dən bildirilib.
Görüş zamanı, Azərbaycan-Ermənistan arasında normallaşma prosesi üzrə səylər, mümkün növbəti addımlar müzakirə olunub.
C.Bayramov Azərbaycan tərəfindən təqdim edilmiş 5 baza prinsipləri əsasında hazırlanmış sülh müqaviləsi elementləri və Ermənistan tərəfinin şərhləri üzrə Vaşinqtonda aparılmış müzakirələr barədə qarşı tərəfə məlumat verib. Ermənistan tərəfinin liderlər arasında imzalanmış Üçtərəfli Bəyanatın müddəalarının kobud şəkildə pozaraq, Azərbaycana qarşı hərbi fəaliyyəti davam etdirməsi, törədilən mina təhdidi və bir neçə gün əvvəl 2021-ci il Ermənistan istehsalı yeni minaların aşkarlanması faktı barədə qarşı tərəfə müfəssəl məlumat verilib. Bölgədə qarşılıqlı şəkildə kommunikasiyaların açılması üzrə öhdəliklərin yerinə yetirilməsinin vacibliyi və bu istiqamətdə Ermənistanın öhdəliklərinin hələ də yerinə yetirmədiyi vurğulanıb. Bununla yanaşı, Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiyası istiqamətində Azərbaycan tərəfinin baxışları qarşı tərəfin diqqətinə çatdırılıb.
Xüsusi nümayəndə Toivo Klaar bölgədə sülh və sabitliyin bərqərar olması, kommunikasiyaların açılması istiqamətində Avropa İttifaqının səyləri davam etdirmək niyyətində olduğunu bildirib. Normallaşma prosesinin və Azərbaycanla Ermənistan arasında nəticə yönümlü danışıqların vacib olduğunu diqqətə çatdırıb.
Görüş zamanı, eyni zamanda Azərbaycan-Avropa İttifaqı münasibətləri ətrafında fikir mübadiləsi aparılıb.