QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Beynəlxalq konfransın iştirakçıları Ağdamda erməni vandalizminin izlərinə baxıblar

Ekspert və tədqiqatçılar Ağdamdakı Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
Sputnik
BAKI, 26 noyabr — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə dünən başlayan “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın iştirakçıları Ermənistanın 30 ilə yaxın işğalı zamanı tamamilə dağıdılmış Ağdam şəhərində bir neçə məkanı ziyarət ediblər.
Türkiyə, Gürcüstan, Pakistan, ABŞ, Polşa, İtaliya və digər ölkələrdən olan ekspertlər əvvəlcə Şahbulaq qalasını ziyarət ediblər. Onlara qalanın tarixi haqqında məlumat verilib, onun Ermənistan işğalından əvvəlki fotoşəkilləri nümayiş etdirilib.
Onlar həmçinin erməni hərbçiləri tərəfindən artilleriya nişangahları üçün istifadə edilən və yalnız buna görə tam dağıdılmamış Cümə məscidinə də baxış keçiriblər. Qonaqlara məsciddə aparılan yenidənqurma və bərpa işləri barədə məlumat verilib.
Bundan başqa, ekspert və tədqiqatçılar Ağdamdakı Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
İştirakçılar Ağdam Konfrans Mərkəzinə də baş çəkiblər. Mərkəzin üç aydan az vaxta, yəni 80 günə tikilməsi onlarda dərin təəssürat yaradıb.