TƏHLİL

Rusiya Türkiyə və Suriya prezidentlərini görüşdürə biləcək yeganə ölkədir - Ekspert

Politoloq bildirib ki, bu məsələ ilə bağlı Türkiyə tərəfdən irəliləyişlərin, müsbət bəyanatların sayının artması nəzərə çarpır.
Sputnik
BAKI, 25 noyabr — Sputnik. Türkiyəli politoloq Həsən Ünal Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın Suriya Prezidenti Bəşər Əsədlə mümkün görüş, Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyevin Rusiyanın Türkiyə-Suriya danışıqları üçün platforma təqdim etməyə hazır olması barədə son açıqlamasını Sputnik-ə şərh edib.
Ekspert hesab edir ki, tərəflər əvvəllər belə bir görüşün keçirilməsi imkanını müzakirə ediblər:

"Yəqin ki, Ankaranın razılığı alınıb. Bu məsələ ilə bağlı Türkiyə tərəfdən müsbət irəliləyişlərin, müsbət bəyanatların sayının artması nəzərə çarpır. Rusiya faktiki olaraq Türkiyə və Suriya prezidentləri arasında görüş təşkil etməyə qadir olan yeganə dövlətdir. Göründüyü kimi, indi bu məsələni fəal şəkildə inkişaf etdirmək üçün lazımi şərait yaranıb".

Həsən Ünal bildirib ki, Türkiyə-Suriya münasibətlərinin normallaşmasına qarşı çıxan müəyyən qüvvələr, xüsusən də İdlibdə Rusiya, Türkiyə və Suriya tərəfindən terrorçu kimi tanınan bir sıra qruplar var:
"Normallaşma prosesinə mane olmaq üçün təxribatlar təşkil etməyə cəhd edə bilərlər. Lakin onların uğur qazanma şansı cüzidir. Əsas odur ki, Ankara, Dəməşq və Moskva arasında dialoq və əməkdaşlıq mühiti yaradılsın. İndi bunun üçün hər cür şərait var".
Politoloqun qənaətinə görə, Türkiyə və Suriya prezidentlərinin görüşü Soçidə üçtərəfli format çərçivəsində baş tuta bilər.
"Dörd tərəfli formata çevrilməsi də mümkündür. Bunun öz məntiqi var. Bu da Suriyanı Astana platformasında iştiraka dəvət etmək deməkdir. Bu platforma Suriya torpaqlarında sülhü təmin etmək üçün yaradılıb. Digər tərəfdən, Rusiya ayrıca görüş də təşkil edə bilər. Bildiyiniz kimi, Moskva ilə əlaqələrimiz fəal inkişaf edir və əməkdaşlıq daha da güclənəcək. Beləliklə, danışıqlar üçün bu variantlardan hər hansı biri mümkündür", - deyə politoloq qeyd edib.