BAKI, 25 noyabr — Sputnik. Havanın dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən noyabr ayı üçün səciyyəvi olmayan nisbətən mülayim hava şəraitindən sonra 27-si gündüzdən hava şəraitinin dəyişəcəyi, 28-i gündüzədək şimal küləyinin arabir 20-23 m/s-dək güclənəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir.
Noyabrın 29-dan dekabrın 2-dək isə hava şəraitinin daha da pisləşəcəyi, bu müddət ərzində yağıntıların intensivləşəcəyi ehtimalı var.
Havanın temperaturunun günü-gündən aşağı enərək gündüz saatlarında 7-9 dərəcə isti olacağı gözlənilir.
Qeyd edək ki, hazırda havanın temperaturu iqlim normasından 7 dərəcə yüksəkdir.
Noyabrın 26-sı şimal və qərb rayonlarından başlayaraq ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Noyabrın 28-i axşamdan dekabrın ilk günlərində prosesin daha da kəskinləşəcəyi, yağıntıların intensivliyinin artacağı ehtimalı var.
Şimal küləyi noyabrın 27-28-də ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.
Noyabrın 28-dən başlayaraq havanın temperaturunun günü-gündən aşağı enərək, aran rayonlarında 6-11 dərəcə isti, dağlıq rayonlarda isə 0-5 dərəcə şaxta olacağı gözlənilir.