SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Biz Yerevan-Bakı və Yerevan-Ankara normallaşmasının paralel getməsini istəyirik - Əliyev

Azərbaycan prezidenti vurğulayıb ki, Bakı regionda sülh istəyir və yad ərazilərə iddia etmir.
Sputnik
BAKI, 25 noyabr - Sputnik. Rəsmi Bakı Ermənistanla Türkiyə, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması proseslərinin paralel getməsini istəyir. Bunu Prezident İlham Əliyev cümə günü deyib.
“Biz Ermənistanla Türkiyə və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması proseslərinin paralel getməsini istəyirik”, - deyə Prezident “Orta dəhliz boyu: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” konfransında çıxışı zamanı bildirib.
Azərbaycan dövlətinin başçısı rəsmi İrəvanın ritorikasında dəyişikliklərə işarə edib.
“İndi onlar Türkiyə ilə münasibətləri normallaşdırmaq istədiklərini deyirlər və biz bunu dəstəklədiyimizi deyirik. Bu iki prosesin bir-birinə paralel getməsini istəyirik: Ermənistan-Türkiyə münasibətlərinin və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını”, - deyə Əliyev izahat verib.
O vurğulayıb ki, Bakı regionda sülh istəyir və yad ərazilərə iddia etmir.
“Biz istəyirik ki, onlar (erməni tərəfi - red.) başa düşsünlər ki, onların Qarabağ erməniləri ilə heç bir əlaqəsi yoxdur. Biz Zəngəzur dəhlizini istəyirik və sərhədləri onların təqdim etməyə çalışdıqları xəritələrə deyil, tarixi xəritələrə əsaslanaraq delimitasiya etmək istəyirik. Biz ərazilər istəmirik, müharibə istəmirik. İstəsəydik, bunu edərdik”, - deyə Azərbaycan lideri vurğulayıb.