BAKI, 25 noyabr — Sputnik. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan manatının xarici valyutalara qarşı məzənnəsi valyuta bazarında tələb-təklif nisbətinə uyğun olaraq formalaşıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "Pul siyasəti icmalı"nda bildirilir.
Sənəddə həmçinin deyilir ki, hesabat dövründə tədiyyə balansının yaxşılaşması valyuta bazarında təklifi və beləliklə qiymət sabitliyinin başlıca lövbərini – məzənnə sabitliyini dəstəkləyib.
Hesabat dövründə valyuta bazarında əməliyyatların həcmi bazarın bütün seqmentləri üzrə artım istiqamətində dəyişib.
9 ayda nağdsız valyuta bazarında aparılmış əməliyyatların məbləği əvvəlki ilə nisbətən 16,3% artaraq 22,3 milyard ABŞ dolları ekvivalentində olub. Nağdsız valyuta əməliyyatlarının 84,5%-i dollarda, 15,5%-i isə digər valyutalarda aparılıb. Valyuta əməliyyatlarının 29,6%-i banklararası valyuta bazarında (BVB), 70,4%-i isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilib.
Hesabat dövründə BVB-də əməliyyatların dəyəri 6,6 milyard dollar ekvivalentində olmaqla ötən ilin eyni dövrünə nəzərən 19,9% artıb. Bu seqmentdə əməliyyatların 99,1%-i dollarda aparılıb. BVB-də valyuta əməliyyatları üzrə dövriyyə əsasən "Bloomberg" platformasında aparılan əməliyyatlar hesabına formalaşıb.
BDVB-də valyuta əməliyyatlarının dəyəri 15,7 milyard dollar ekvivalentində olub ki, bu da ötən ilin eyni dövrünə nəzərən 14,8% çoxdur. Əməliyyatların 78,3%-ni dollarla əməliyyatlar təşkil edib. BDVB-də valyuta əməliyyatlarının 93%-i hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşüb.
Bankların nağd xarici valyutanın alqı-satqısı üzrə apardığı əməliyyatların dəyəri isə illik müqayisədə 46,9% artaraq 3,9 milyard dollar ekvivalentində olub. Bunun 87,2%-ni dollarla aparılmış əməliyyatlar təşkil edib.
I rübdə baş verən yüksək satışlar hesabına nağd xarici valyutanın xalis satışı 9 ayda ötən ilin müvafiq dövrünə nəzərən 48,1% artıb. Bununla belə aprel ayından başlayaraq vəziyyət dəyişib və bankların xarici valyuta alışı satışı üstələyib.