BAKI, 24 noyabr — Sputnik. "Mirvari Dilbazi poeziya məclisi" ictimai birliyinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə Güllü Eldar Tomarlının Bakıda öz evində açdığı ilk Kəlağayı Muzeyində 150-dən çox eksponat nümayiş etdirilir.
Kəlağayı - Azərbaycan qadınlarının ipək baş örtüyüdür. Bu yaylıq gözəllik, ləyaqət və sədaqət rəmzi olmaqla yanaşı, Odlar Yurdunun qədim tarixini, mədəniyyətini və adət-ənənələrini əks etdirir. Kəlağayı 2014-cü ildə YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib.
Muzeyin yaradılması ideyası şairənin ağlına 2019-cu ildə gəlib. O, uzun illərdir ki, kəlağayı kolleksiyasını yığır. Bəzilərini o, özü alır, lakin muzeyin eksponatları arasında qohumları, tanışları və tamamilə yad insanlar tərəfindən ona hədiyyə edilən baş örtükləri də var. Ekspozisiyada kəlağayılardan başqa, Tomarlının özünün hazırladığı əl işləri, rəsm əsərləri, əntiq əşyalar da nümayiş olunur.
Şairə Sputnik Azərbaycan-a müsahibəsində öz əməyi ilə yaratdığı əşyalar haqqında ətraflı danışıb.
"Hər il noyabrın 26-da qeyd olunan Milli Kəlağayı Günü ərəfəsində muzeyimin qapılarını açmaq qərarına gəldim. İndi bu bayrama diqqətlə hazırlaşıram. Beynəlxalq Muğam Mərkəzində keçiriləcək tədbiri hazırlamışam. Burada mənim eksponatlarım, o cümlədən yeni kəlağayılar və musiqi proqramı nümayiş olunacaq", - deyə Tomarlı bildirib.
Şairənin sözlərinə görə, muzeyi yaratmazdan əvvəl o, qədim kəlağayı sənətinin tarixini öyrənib. Ötən gün onun "Azərbaycan kəlağayı – minilliklərin irsi" adlı sənədli filminin təqdimatı olub. Bu film Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə lentə alınıb. Filmdə o, kəlağayının tarixi haqqında təfərrüatlı şəkildə danışıb.
"Bir çox mənbələr bu baş örtüyünün 300 il əvvəl istifadə edildiyini göstərir, lakin bu, yanlış məlumatdır. Onun haqqında hələ Nizami Gəncəvi öz əsərlərində yazıb. Təəssüf ki, köhnə kəlağayı tapmaq çox çətindir, çünki bir çox insanlar onları sandıqda saxlamaqdan bezdikləri üçün kəlağayını atırlar. Kolleksiyamda müxtəlif illərə aid baş örtükləri mövcuddur. Onların hər birinin öz tarixi var. Ən köhnə baş örtüyünü mənə 90 yaşlı qadın hədiyyə edib - bu kəlağayının 150 ildən çox yaşı var", - deyə Tomarlı qeyd edib.
Onun sözlərinə görə, ən çətini qadın örtüyünün hazırlanması prosesidir. Onun yaradılmasında bir sıra peşələrin nümayəndələri iştirak edir və demək olar ki, hamısı kişilərdir. İstehsal prosesində ən vacib olan boyadır, çünki onun istifadəsi virtuoz bacarıq və incə zövq tələb edir.
"Boyamada zirinc, cənnət alması, zəfəran, qarağat və digər bitkilərdən hazırlanmış təbii boyalardan istifadə olunur. Məhz buna görə də kəlağayı köhnəlir, lakin heç vaxt orijinal rəngini itirmir", - deyə şairə bildirib.
Onun sözlərinə görə, köhnə vaxtlarda evdə hər qadının müxtəlif rəng və formada kəlağayıları olub. Yas mərasimlərində qadınlar qara baş örtükləri, toylarda isə parlaq rəngli kəlağayılar geyinirdilər.
"Kəlağayı köhnə dövrlərdə təkcə gözəllik rəmzi olmayıb, həm də ailə münasibətlərinin əsası olub. Məsələn, əvvəllər qızlar öz baş örtüklərini yarlarına verirdilər və bununla da ömürlük sədaqət vədi verirdilər. Və ya qız istəmə mərasimində bəy tərəfindən təmsil olunan qohum razılıq aldıqdan sonra nişan üzüyünü qırmızı kəlağayıya bükərək hədiyyə edirdi. Təəssüf ki, bu adət-ənənələrin çoxu artıq yoxdur", - deyə Tomarlı vurğulayıb.
Şairə ümid edir ki, gələcəkdə ona öz eksponatlarını daha geniş auditoriyaya, o cümlədən turistlərə təqdim edə biləcəyi yer ayrılacaq.