BAKI, 24 noyabr — Sputnik. Türkiyənin milli müdafiə naziri Hulusi Akar rusiyalı həmkarı Sergey Şoyqu ilə telefon danışığı keçirib.
Bu barədə RİA Novosti məlumat yayıb.
Müdafiə nazirləri telefon danışığı zamanı Türkiyənin hərbi əməliyyatlarını müzakirə ediblər.
Türkiyə müdafiə naziri bildirib ki, Ankaranın prioriteti Suriyanın şimalında terror təhlükəsinin qarşısını almaqdır.
Akar Suriya kontekstində bölgədə sabitliyi pozmağa yönəlmiş təhdid və hücumlara qarşı lazımi cavabın verildiyini və veriləcəyini vurğulayıb. Onun sözlərinə görə, terror təhlükəsinin qarşısının alınması və terror təşkilatlarının zərərsizləşdirilməsi ölkənin əsas prioritetidir.
Danışıqlar zamanı tərəflər Suriya ilə bağlı daha əvvəl əldə edilmiş razılaşmalara hörmətlə yanaşmağın vacibliyini bir daha vurğulayıblar.
Xatırladaq ki, ötən gün İran, Rusiya və Türkiyə Suriya ilə bağlı Astana formatı çərçivəsində keçirilən 19-cu beynəlxalq görüşün yekunlarına dair birgə bəyanat yayıb.
Bəyanatda hər üç ölkənin terrorçuluğun bütün forma və təzahürlərinə qarşı mübarizədə birgə işi davam etdirmək, Suriyanın suverenliyi və ərazi bütövlüyünü pozmağa, sərhədyanı hücumlarla qonşu ölkələrin milli təhlükəsizliyini təhdid etməyə çalışan separatçı qüvvələrə qarşı durmaq əzmində olduğu qeyd olunub.
Həmçinin, Suriyanın ayrı-ayrı bölgələrində müxtəlif adlar altında fəaliyyət göstərən terrorçu qruplaşmaların və onların törəmələrinin fəaliyyətinin artması, o cümlədən mülki obyektlərə və məcburi köçkün düşərgələrinə günahsız insanların ölümü ilə nəticələnən hücumlar pislənilib.
Sənəddə Suriyanın şimalı ilə bağlı bütün tənzimləmələrin tam şəkildə həyata keçirilməsinin zəruriliyi vurğulanıb.
Qeyd olunub ki, Suriyanın şimal-şərqindəki vəziyyəti müzakirə edən tərəflər bu bölgədə daimi təhlükəsizlik və sabitliyin yalnız ölkənin suverenliyi və ərazi bütövlüyü əsasında əldə edilə biləcəyinə razılaşıblar.