BAKI, 24 noyabr — Sputnik. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində biznes qurmaqla bağlı 1300-dən çox müraciətin təxminən 20%-i kənd təsərrüfatı ilə bağlıdır.
Bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov “Məsləhət xidmətləri, yeni dəyər zənciri modellərinin yaradılması və aqroturizmin inkişafı vasitəsilə yerli ərzaq istehsalçılarının və aqro-biznes sahibkarlarının təşviqi” layihəsinə dair Bakıda keçirilən konfransda bildirib.
“Layihənin icrası əhəmiyyətli bir dövrə təsadüf edir və ümidvaram ki, sektorda yeni inkişaf meyillərinin və yanaşmaların tətbiqinin genişləndirilməsi baxımından öz töhfəsini verəcək. Şübhəsiz ki, işğaldan azad edilmiş ərazilərimiz aqrar sektorun inkişafının yeni təkanverici qüvvəsi kimi böyük potensiala malikdir. Qarabağ bölgəsinin malik olduğu təbii üstünlüklər, su ehtiyatları, əlverişli coğrafi mövqe və tarixi ixtisaslaşma təcrübəsi burada həyata keçiriləcək ağıllı kənd konsepsiyası ilə vəhdət şəklində aqrar sektorun inkişafının yeni keyfiyyət müstəvisinə qaldırılmasına imkan verəcək”, - deyə o qeyd edib. (Report)