BAKI, 24 noyabr — Sputnik. Azərbaycanda bankların 84%-nin mobil əlavəsi var. Bankların cari hesabları üzrə ödənişlərin 77%-i elektron bankçılıq vasitəsilə həyata keçirilib.
Bunu Bakıda keçirilən VI Beynəlxalq Bankçılıq Forumunda çıxışı zamanı Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.
O bildirib ki, internet bankçılıq vasitəsilə ödənişlərin həcmi ötən ilin eyni dövrünə nisbətən bu ilin on ayında 55%, mobil əlavələr vasitəsilə aparılan ödəmələr 3 dəfə artıb.
AMB sədri bildirib ki, ölkədaxili kart əməliyyatlarının nağdsız hissəsi 42%-i ötüb ki, bu da bir ildə 12% artım deməkdir: "Ölkədaxili nağdsız əməliyyatların həcmi isə 2,3 dəfə artaraq 20 milyard manat civarına çatıb".
T.Kazımov qeyd edib ki, cari ilin yanvar-oktyabr aylarında Azərbaycanda internet bankçılıqla aparılan əməliyyatların ümumi dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 55% çox olub: “Hazırda bank müştəriləri cari hesablar üzrə ödənişlərin 77%-ni elektron bankçılıq vasitəsilə həyata keçirir. Son 1 ildə ölkədaxili nağdsız ödəniş əməliyyatlarının ümumi dəyəri isə 2,2 dəfə artaraq 20 milyard manata çatıb”.
Azərbaycanda bankların xalis mənfəəti 700 mln. manata yaxınlaşır
Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev bildirib ki, cari ilin 9 ayında əhalinin banklarda əmanəti 27% artaraq 11 milyard manata yaxınlaşıb.
Onun sözlərinə görə, əhalinin dollarlaşma səviyyəsi qeyd olunan dövrdə 39,2% təşkil edib ki, bu da ötən dövr ərzində 4,4%, bütövlükdə isə depozit bazamızda olan dollarlaşma əmsalından isə 10 bənd aşağı göstərici deməkdir: "Bankların balans kapitalı 10% artaraq 5,3 milyard manata çatıb".
"Bu ilin 9 ayında banklarımızın toplam mənfəəti artıq 1 milyard manata yaxınlaşıb, xalis mənfəəti isə 683 milyon manata çatıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 35%-dən artıqdır”, - deyə o əlavə edib.