Nebenzya xüsusi hərbi əməliyyatın nə vaxta qədər davam edəcəyini açıqladı

Rusiyanın daimi nümayəndəsinin sözlərinə görə, Rusiya Silahlı Qüvvələri Kiyevin Rusiya üzərində hərbi qələbə qazanması ilə bağlı çağırışlara cavab olaraq Ukraynadakı infrastruktur obyektlərinə zərbələr endirir.
Sputnik
BAKI, 24 noyabr — Sputnik. Kiyev danışıqlarda real mövqe tutmayana qədər Rusiya Ukraynanın hərbi potensialını məhdudlaşdırmaq üçün fəaliyyətini davam etdirəcək.
Bu bəyanatla çərşənbə günü BMT Təhlükəsizlik Şurasının iclasında Rusiyanın dünya təşkilatındakı daimi nümayəndəsi Vasili Nebenzya çıxış edib.
Rusiyanın daimi nümayəndəsinin sözlərinə görə, Rusiya Silahlı Qüvvələri bu ölkənin Qərb silahları ilə doldurulmasına və Kiyevin Rusiya üzərində hərbi qələbə qazanması ilə bağlı çağırışlara cavab olaraq Ukraynadakı infrastruktur obyektlərinə zərbələr endirir. "Rusiyanın təhlükəsizliyini və ərazi bütövlüyünü təhdid edən Ukrayna ordusunun döyüş qabiliyyətinə zərbə vurmaq xüsusi hərbi əməliyyatın (XHƏ) məqsədlərindən biridir. Bu, Kiyev rejimi real mövqe tutmayana qədər hərbi yolla həyata keçiriləcək. Danışıqlar çərçivəsində bizi XHƏ-yə başlamağa məcbur edən məsələləri müzakirə etmək və həll etməyə çalışmaq lazımdır", - deyə Nebenzya qeyd edib.
"Hələ ki, cənab Zelenski və onun tərəfdaşlarından eşitdiklərimiz sülhə hazır olmaqla bağlı deyil, sadəcə olaraq ehtiyatsız təhdidlərin və ultimatumların dilidir. Kiyevin Qərb kuratorları yalnız bu cür məsuliyyətsiz xətti təşviq edirlər, çünki bu, onlara Ukrayna ərazisindəki müharibədən son ukraynalıya qədər faydalanmaq, onların hərbi sənaye kompleksinə böyük gəlir qazandırmaq, həmçinin NATO silahlarını sınaqdan keçirmək imkanı verir", - o bildirib.
"Beləliklə, Qərb ölkələri sadə ukraynalıların həyatı ilə öz geosiyasi hegemonluğunu bərqərar etməyə çalışır", - deyə Nebenzya fikirlərini tamamlayıb.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Bundan əvvəl məlum olub ki, Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.