RUSİYA

MDB təhlükəsizlik orqanlarının nümayəndələri terror təhlükəsini müzakirə etdilər

Antiterror Mərkəzi Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsi ilə birgə təhlükəsizlik orqanlarının, xüsusi xidmət orqanlarının və hüquq-mühafizə orqanlarının nümayəndələrinin XII regional ekspert məsləhətləşmələrini keçirib.
Sputnik
BAKI, 24 noyabr — Sputnik. Bişkekdə keçirilən məsləhətləşmələr zamanı MDB təhlükəsizlik orqanlarının nümayəndələri Birliyin cənub sərhədləri yaxınlığında terror ocaqlarının genişlənməsi təhlükəsini müzakirə ediblər.
Bu barədə Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib.
Qeyd olunur ki, MDB-yə üzv dövlətlərin Antiterror Mərkəzi Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsi ilə birgə təhlükəsizlik orqanlarının, xüsusi xidmət orqanlarının və hüquq-mühafizə orqanlarının nümayəndələrinin XII regional ekspert məsləhətləşmələrini keçirib. Birlik ölkələri terrorizm və ekstremizmlə mübarizə aparır. Məsləhətləşmələrdə yeddi dövlətin səlahiyyətli orqanlarının və dörd MDB orqanının nümayəndə heyətləri iştirak edib: Sərhəd Qoşunları Komandanları Şurası, Penitensiar Xidmətlərin Rəhbərləri Şurası, Maliyyə Kəşfiyyatı Bölmələri Rəhbərləri Şurası və Antiterror Mərkəzi.
"Tədbir iştirakçıları qeyd ediblər ki, Əfqanıstanda terror fəaliyyətinin yüksək səviyyədə olması Birlik ölkələrinin təhlükəsizliyinə sabitliyi pozan təsir göstərir. Bu baxımdan, Birliyin cənub sərhədləri yaxınlığında qonşu ölkələrdə əhalinin radikallaşmasının artması və terror ocaqlarının genişlənməsi təhlükəsi mövcuddur", - sözçü bildirib.
"İştirakçılar terrorizm və ekstremizmə qarşı mübarizə sahəsində əməkdaşlığın prioritet istiqamətləri üzrə işlərin davam etdirilməsinin, o cümlədən müvafiq məlumat mübadiləsinin aparılmasının, qeyri-qanuni miqrasiya kanallarının, silah-sursat qaçaqmalçılığının aşkar edilməsi və qarşısının alınması üzrə birgə əlaqələndirilmiş tədbirlərin keçirilməsinin vacibliyini və zəruriliyini təsdiqləyiblər", - deyə mətbuat xidməti əlavə edib.