MƏDƏNİYYƏT

Azərbaycanı "Avroviziya"da təmsil edən müğənni Kəbəni ziyarət edib -VİDEO

Müğənni Çingiz Mustafayev 16 dekabr tarixində "Elektra Events Hall" səhnəsində 15 illik musiqi karyerasının hesabat konsertini verəcək.
Sputnik
BAKI, 24 noyabr — Sputnik. Azərbaycanı 2019-ci ildə "Truth" mahnısı ilə "Avroviziya" beynəlxalq mahnı müsabiqəsində təmsil edən müğənni Çingiz Mustafayev Səudiyyə Ərəbistanına, "Kəbə"yə gedib. Bu barədə sənətçi sosial media hesabında məlumat verib.
Səudiyyə Ərəbistanının Məkkə şəhərini ziyarət edən Çingiz "Kəbə" evinin qarşısında çəkdirdiyi fotonu izləyiciləri ilə paylaşıb. Müğənni paylaşımında bildirib ki, müqəddəs məkanı ziyarət etmək onun ən böyük arzusudur:
"Uşaqlıq dönəmlərimdə Məkkəni ancaq şəkillərdə görürdüm, hətta rayondakı evimizdə də divarda Məkkənin şəkli var idi. Bu müqəddəs torpaqlara ayaq basdığım üçün özümü çox şanslı və xoşbəxt hiss edirəm.
"Kəbə"yə yaxınlaşmağa başlayanda içimdən heç vaxt hiss etmədiyim və heç vaxt təkrar olunmayacaq hisslər keçirdim. Sanki ürəyim lotos gülü kimi açılmağa başladı. Hətta bir anlıq qorxu gəldi içimə, elə bildim, özümdən gedəcəm. Ruhum bədənimi tərk edəcək. Allah hər kəsə bu gözəl hissləri yaşamağı nəsib etsin".
Qeyd edək ki, Çingiz Mustafayev "Yeni ulduz" yarışmasının qalibi olub. O, daha sonra Ukraynada "Qolos" yarışmalarında iştirak edib. 2019-cu ildə Azərbaycanı Avroviziyada təmsil edib və 8-ci yeri tutub.
Bundan başqa o, "Səs uşaqlar" yarışmasında münsif kürsüsündə əyləşib. 2013 - cü ildə Yurmalada keçirilən " Yeni Dalğa 2013 " ​​musiqi müsabiqəsində Azərbaycanı təmsil edib. O, ifaçılıqla yanaşı, həm də bir çox mahnıların bəstəkarıdır.