BAKI, 23 noyabr — Sputnik. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Qırğızıstan və Tacikistan sərhədində vəziyyətin normallaşmasına yardım etməyə hazırdır.
Bunu çərşənbə günü KTMT-nin baş katibi Stanislav Zas KTMT Xarici İşlər Nazirləri Şurasının, Müdafiə Nazirləri Şurasının və Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin birgə iclasında çıxışı zamanı deyib.
"Mərkəzi Asiya regionunda biz Tacikistan-Qırğızıstan sərhədində vəziyyətin normallaşmasına xüsusi önəm veririk. İnanırıq ki, KTMT hər iki ölkəyə bu məqsədə çatmaqda kömək etmək üçün lazımi resurs və təcrübəyə malikdir. Təbii ki, Tacikistan və Qırğızıstan da bunu zəruri hesab edir", - deyə o vurğulayıb.
Həmçinin, Zasın sözlərinə görə, regionda KTMT-yə üzv dövlətlərin ərazisində terror fəaliyyətinin, Əfqanıstandan silah və narkotiklərin qanunsuz dövriyyəsinin yayılması təhlükəsi var: "Bununla bağlı Tacikistan-Əfqanıstan sərhədində sərhəd təhlükəsizliyinin gücləndirilməsi məsələsi də diqqətdən kənarda qalmır".