SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Parlamentdə “Siyasi partiyalar haqqında” qanun layihəsi müzakirə edilir

Əli Hüseynli bildirib ki, qanun layihəsində ictimai müzakirələr zamanı səsləndirilən narahatlıq doğuran məqamlar nəzərə alınıb.
Sputnik
BAKI, 23 noyabr — Sputnik. Noyabrın 23-də Milli Məclisinin İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclası keçirilir.
İclasın gündəliyinə "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) daxil edilib.
Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, "Siyasi partiyalar haqqında" qanun layihəsi Konstitusiyaya və Avropa İnsan Hüquqları Konvensiyasına uyğun, birləşmək azadlığı hüququnu özündə tam ehtiva edir.
O vurğulayıb ki, qanun layihəsində ictimai müzakirələr zamanı səsləndirilən narahatlıq doğuran məqamlar nəzərə alınıb. Qanun layihəsində dəyişikliklər müzakirələrdə söylənən fikirlərə əsasən edilib. Məhz bu düzəlişlərlə müzakirələr zamanı yaranmış narahatlıq aradan qaldırılır. Qanun layihəsi "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanunun tələblərinə tam cavab verir.
Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli bildirib ki, bu gün "Siyasi partiyalar haqqında" qanun layihəsi artıq təkmilləşmiş variantda müzakirəyə çıxarılıb. Azərbaycanda cəmiyyətin bütün sahələrini əhatə edən sistemli, ardıcıl islahatlar aparılır. Bunların nəticəsində ölkəmizdə çox ciddi dəyişikliklər həyata keçirilir. Bütün bunlar belə bir qanun layihəsinin ərsəyə gəlməsini zəruri edirdi.
O bildirib ki, "Siyasi partıyalar haqqında" Qanunun qəbulundan 30 il keçir. Yeni qanun layihəsinin hazırlanması üçün kifayət qədər əsaslar mövcuddur. Azərbaycanın ictimai-siyasi həyatında köklü dəyişikliklər baş verib. Yeni qanun layihəsi yeni dövrün tələblərinə cavab verməli idi. Sənəd hazırlanarkən beynəlxalq tələblər nəzərə alınıb.
"Azərbaycan Avropa məkanın tərkib hissəsi olduğu üçün, ilk növbədə, Avropanın qabaqcıl dövlətlərinin təcrübəsi, ölkəmizdəki siyasi sistemin prinsipləri mütləq nəzərə alınmalı idi. Sənəd hazırlanarkən 20-yə yaxın ölkənin təcrübəsi öyrənilib", - deyə Fəzail İbrahimli qeyd edib .
Xatırladaq ki, Milli Məclisdə parlamentdə təmsil olunan bütün siyasi partiya nümayəndələrinin müraciəti əsasında "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi hazırlanıb.
Sənədin ictimai əhəmiyyətini nəzərə alaraq, qanun layihəsi ilə bağlı siyasi partiyaların, Qeyri-Hökumət Təşkilatlarının, politoloqların və sosial media nümayəndələrinin iştirakı ilə ictimai dinləmələr keçirilib.
Bu Qanun siyasi partiyanın təsis edilməsi, dövlət qeydiyyatı, fəaliyyətinin yoxlanılması, dayandırılması və bərpası, ləğvi qaydasını, həmçinin siyasi partiyanın fəaliyyətinin təşkili, üzvlük və maddi təminat məsələlərini müəyyən edir.