BAKI, 23 noyabr — Sputnik. "Siyasi Partiyalar haqqında" qanun layihəsində ümumilikdə 66 düzəliş edilib.
Bu sözləri Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli noyabrın 23-də Milli Məclisdə keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, qanun layihəsinin ictimai müzakirələrində həm parlamentdə təmsil olunan, həm olunmayan partiyalar iştirak ediblər. Qanun layihəsi siyasi partiyaların daha səmərəli fəaliyyət göstərməsi məqsədi daşıyır. Bu baxımdan yeni qanun layihəsi hazırlanıb.
"Əsas təkliflər daha çox rəqəmlərə yönəlib. Təkliflər var idi ki, bir sıra məsələlərdə zaman artırılsın, bir sıra hallarda zaman azaldılsın. Yəni burada partiyaların təsis və ləğv edilməsi, qeydiyyatdan, reyestrdən keçməsi üçün müddətlərlə bağlı düzəlişlər edilib. Ümumilikdə qanun layihəsinə münasibət pozitivdir. Parlamentdə təmsil olunan bir partiya xaric, digərlərinin nümayəndələri plenar iclasda layihəyə səs verəcəyini bildirdilər. Layihə birinci oxunuşda parlamentin plenar iclasına tövsiyə edilib", - deyə Əli Hüseynli vurğulayıb.
Qeyd edək ki, noyabrın 23-də Milli Məclisinin İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclası keçirilib.
İclasın gündəliyinə "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) daxil edilib.
Müzakirələrdən sonra qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib.
Xatırladaq ki, Milli Məclisdə parlamentdə təmsil olunan bütün siyasi partiya nümayəndələrinin müraciəti əsasında "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi hazırlanıb.
Sənədin ictimai əhəmiyyətini nəzərə alaraq, qanun layihəsi ilə bağlı siyasi partiyaların, Qeyri-Hökumət Təşkilatlarının, politoloqların və sosial media nümayəndələrinin iştirakı ilə ictimai dinləmələr keçirilib.
Bu Qanun siyasi partiyanın təsis edilməsi, dövlət qeydiyyatı, fəaliyyətinin yoxlanılması, dayandırılması və bərpası, ləğvi qaydasını, həmçinin siyasi partiyanın fəaliyyətinin təşkili, üzvlük və maddi təminat məsələlərini müəyyən edir.